İdman 22:45 24.03.2019

Premyer Liqada transfer rekordu qırıla bilər

"Mançester Yunayted" yay transfer pəncərəsinin hazırlıqlarını davam etdirir.

Qaynarinfo xəbər verir ki, İngilətərə klubu heyətinə qatmaq istədiyi futbolçularla danışıqları sürətləndirir. "Qırmızı-şeytanlar"ın transfer istədiyi futbolçulardan biri Xalidu Kulibalidi.

"La Gazzetta dello Sport"un məlumatına görə, "Mançester Yunayted" "Barselona", "Real" və "Çelsi"nin də istədiyi seneqallı mərkəz müdafiəçisi üçün "Napoli"yə 150 milyon avro təklif edəcək.

Bundan əvvəl 27 yaşlı futbolçu üçün gələn təklifləri rədd edən "Napoli"nin prezidenti Aurelio de Laurentisin 150 milyon avronu qəbul edəcəyi bildirilir.

Bu keçid baş tutsa, İngiltərədə transfer rekordu qırılacaq. Hazırda rekord "Mançester Yunayted"in futbolçusu Paul Poqbaya məxsusdu. Fransalı ulduz "Yuventus"dan 105 milyon avroya transfer edilib.

Qeyd edək ki, Xalidu Kulibali 2014-cü ildə "Genk"dən "Napoli"yə 7,75 milyon avroya transfer olunub. Hazırda "Transfermrkt" ona 70 milyon avro qiymət qoyub. Seneqallı futbolçu cari mövsümdə meydana çıxdığı 37 oyunda 2 məhsuldar ötürmə edib.