Prezident açılış etdi, şəhid ailələri və müharibə əlilləri ilə görüşdü (FOTOLAR)

Prezident açılış etdi, şəhid ailələri və müharibə əlilləri ilə görüşdü (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı pansionatda yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır.

İlham Əliyev bu gün həmçinin Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR