Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Prezident Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdə bir neçə məsələyə toxunub. Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı fikirlərini bölüşüb. O bildirib ki, Prezident hər zaman olduğu kimi, bir daha Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğunu bəyan edib: "Ermənistanın təcavüzkar təxribatlarından danışan Prezident, Ali Baş Komandan İlham Əliyev düşmənin bu davranışları ilə danışıqları mənasız etdiyini bildirdi. Onların bilərəkdən danışıqlar prosesini pozması və Dağlıq Qarabağdan olan separatçıları danışıqlara cəlb etmək istəməsi danışıqların formatını dəyişməyə çalışmaqdan xəbər verir. Ulu Öndərimizin diplomatik səylərini uğurla davam etdirən Prezident uzun illərdir ki, Ermənistanın işğala son qoyması üçün çalışır. Lakin işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını təmin etmək missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrləri bu prosesdə ciddi addımlar atmırlar".
Deputatın fikrincə, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsindən hələ də istifadə edir: "Ermənistan hakimiyyəti Azərbaycanla şərtlərlə danışsa da, hər dəfə layiqli cavabını alır. Cənab Prezidentimizin də dediyi kimi, əgər Ermənistan danışıqlara getmirsə, Azərbaycan da buna təkid etməyəcək. Çünki Azərbaycanın güclü ordusu var və istənilən an öz ərazi bütövlüyünü bərpa edə bilər".
Şərhlər