Siyasət 13:45 02.04.2013

“Prezident qorxur ki…”

“Saakaşvili hesab edir ki, köhnə səfir səaliyyətlərini yerinə yetirməkdədir. Başnazir isə təkid edir ki, Azərbaycana yeni səfir göndərilməlidir”

“Gürcüstan konstitusiyasına görə səfiri prezident, yəni Saakaşvili göndərməlidir. O hesab edir ki, köhnə səfir səaliyyətlərini yerinə yetirməkdədir. Baş nazir isə təkid edir ki, Azərbaycana yeni səfir göndərilməlidir”.

Bunu Qaynar.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Saakaşvili elə adam seçməlidir ki, səfirin namizədliyi parlamentdə təsdiq edilsin: “Parlamentə çoxluq baş nazirin tərəfdarı olduğuna görə Saakaşvili qorxur ki, onun təyin etdiyi adamı parlamentdə təsdiq etməyə bilərlər. Bildiyimə görə, Gürcüstan konstitusiyasında prezidentin təyin etdiyi adam parlamentdən keçməyəndə, ikinci şəxsi təyinetmə səlahiyyəti baş nazirə keçir. Buna görə də səfirin təyin edilməsi məsələsi yubadılır”.

İki ölkə arasındakı əlaqələrə toxunan Q.Hüseynli hesab edir ki, baş nazir İvanişvilinin simasında Azərbaycanla partnyorluq əlaqələri bəzən müəyyən tərəddüdlərə yol açır: “Bilirsiz ki, Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirləri Batumidə görüşdülər. Onlar strateji əməkdaşlıq haqqında da yekun bəyanatı imzaladılar. Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi ilə bağlı baş  nazir əvvəllər xoşagəlməz bəyanat yaydı. Daha sonra Bakıya gələrkən o bəyanatı geri götürdü. İndisə baş nazir əsas diqqəti Ermənistanı Rusiya ilə birləşdirəcək və bir hissəsi Gürcüstanın bir hissəsi də Abxaziyanın ərazisindən keçən dəmir yolunun bərpa etdirilməsinə çalışır. Ölkədə rusiyapərəst qüvvələr güclənir. Bütün bunlar Azərbaycan üçün xoş olmayan məqamlardı. 8 ildir ki, Gürcüstana elektrik enejisi satırıq, hələ də pulunu ala bilmirik. Üstəlik də dünyada ən ucuz maye qazı Gürcüstana satırıq. Biz Gürcüstana çox böyük güzəştlər edirik. Bu güzəştləri yeni hökumət lazımınca qiymətləndirmək iqtidarında görünmür. Düzdür, sözdə qardaşlıq haqqında bəyanatlar verirlər. Amma hələ ki strateji əməkdaşlıq məsələlərinə gələndə yayınırlar. Məsələn, Azərbaycanla Türkiyə təklif edirlər ki, 3 tərəfli əməkdaşlığı hərbi əməkdaşlıq səviyyəsinə qaldıraq. Gürcüstan buna hazır olmadığını deyir. Gürcüstan prezidenti bu xətti müdafiə edir, amma baş nazir etmir. Ölkələr arasında müəyyən problemlər var və bu problemlər danışıqlar yolu ilə aradan qaldırılır. Bütövlükdə ölkələr arasında münasibətləri qənaətbəxş hesab etmək olar”.

İlkin
Qaynar.info