Xəbər lenti

Prezident Horovlu sakinlərinə mənzillərin açarlarını təqdim etdi (YENİLƏNİB)
Foto 15:05 28.10.2025

Prezident Horovlu sakinlərinə mənzillərin açarlarını təqdim etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Qaynarinfo xəbər verir ki, "Humix” MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub.

Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

"Azera Toxumçuluq” MMC 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Burada Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə standart və hibrid toxum istehsalı müəssisəsi qurulub. Hazırda burada bir sıra toxumluq kənd təsərrüfatı məhsulları istehsal olunur. Müəssisə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2 min ton arpa, 2 min ton buğda toxumu istehsalı gücünə malikdir. Müəssisədə Sabirabad Pilot Aqroparkda yetişdirilən, həmçinin regionun kiçik, orta və iri fermer təsərrüfatlarından əldə olunan toxumlar xammal kimi istifadə edilir.

Qeyd edək ki, layihə dəyəri 2,5 milyon manat olan müəssisədə daimi iş yerlərinin sayı 20-yə çatdırılacaq. İşçilərin Sabirabad və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub.

2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan "Taşobası” MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur.

Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb.
 
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

"Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir.

Qeyd edək ki, müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə "Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.

Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin "Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.

Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, "Azərşəkər” MMC və "Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. "Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.

Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.

Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.

Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış "Əsgər”, "Şığı”, "Orta”, "Gülqasım” və "Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.

Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.

Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə "Əsgər” kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.

Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.

Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşüb.

Dövlətimizin başçısı kəndə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->