Xəbər lenti

Prezident və birinci xanım Ağdama səfər edib, Əsgəran qalasında olub (YENİLƏNİB)
Foto 18:44 18.02.2025

Prezident və birinci xanım Ağdama səfər edib, Əsgəran qalasında olub (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində "Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.

Qaynarinfo xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma hoteldə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, "Hilton Garden İnn” hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub.

Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb.

Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır.

Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır.

Bildirildi ki, hoteldə işlərin icrası 60 faiz yerinə yetirilib.

"Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlər görülsə də, böyük turizm potensialına malik Qarabağ işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.
 
***
 
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün "Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.

Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kVA olan 35/0,4 kilovoltluq iki güc transformatoru, 35 və 0,4 kilovoltluq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.

Regional Rəqəmsal İdarəetmə Mərkəzinin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq "Ağdam-2” yarımstansiyasından 35 kilovoltluq hava-kabel xətti çəkilib.

Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis-texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb.

Prezident İlham Əliyev "Azərişıq” ASC-nin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.

Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpa olunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərini əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub.

Həmçinin Kompleksdə xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model yaradılıb. Bu modelin həm işçi heyətin, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları nümayiş olunur.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma Muğam Mərkəzində görülən işlərlə bağlı məlumat verildi.

Ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.

İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək.

Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib.

Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.

Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.

Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

***
 
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də "Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.

Dövlət başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.

Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.

Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

***
 
Prezident və birinci xanım Ağdama səfər edib, Əsgəran qalasında olub (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.

Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.

Qeyd edildi ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq.

Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.

Mədəniyyət naziri Adil Kərimli və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verdilər.

Bildirildi ki, Əsgəran qala-kompleksinin dizayn layihəsi "Mədəni və təbii irs”, "İnfrastruktur və xidmətlər”, "Əyləncə və istirahət”, "Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.

Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.

Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalası Azərbaycan memarlığının nadir nümunələrindəndir.

Qeyd edək ki, Azərbaycan dövləti xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir. Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən dağıdılan, məhv edilən irsimiz, o cümlədən tarixi, dini abidələrimiz bu gün dövlətimizin tərəfindən təmir-bərpa edilir, yenidən qurulur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu işlərə mühüm töhfə verir. Fond tərəfindən bu istiqamətdə aparılan işlərə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən qurulmasını, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmirini, Zəngilan məscidinin tikilməsini, Ağdam Cümə məscidinin bərpasını və s. misal göstərmək olar. Bütün bu işlər, eyni zamanda, bölgənin turizm potensialının inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->