Siyasət 16:24 14.02.2020

Prezidentin Almaniya səfəri nə vəd edir? (ŞƏRH)

"Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfərini şərh edərkən deyib. 

Onun sözlərinə görə, Almaniya Avropa Birliyinin flaqmanı, əsas lakomatividir:

"Avropa Birliyinə yön verən və Avropa Birliyinin ideologiyası və siyasətinin müəyyənləşməsində Almaniya mühim rol oynayır. Ölkə prezidentinin Almaniyaya səfəri ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək. Azərbaycan-Almaniya arasında güclü elmi-texniki əməkdaşlıq münasibətləri var. Azərbaycanda Almaiyanın şirkətləri çalışır. Bəzi özümüzə zəruri olan məhsulları Almaniyadan alırıq. Bundan əlavə isə Almaniyaya müəyyən kənd təsərrüfatı məhsulları göndəririk. İkili münasibətlər sürətlə inkişaf edir. Zənnimcə, prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək. Ticarət dövriyyəsini artırmağa kömək edəcək. Məsələn, ticarət dövriyyəsi bu gün 450-500 milyon dollardısa, bunun 1 milyard dollara catdırılması hədəfi var. Danışıqlar prosesində bunların hamısı öz əksini tapacaq”.

Qabil Hüseynli bildirib ki, bu səfərdə Qarabağ məsələsi də müzakirə olunacaq: 

"Qarabağ məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində həlli məsələsində Almaniya mühim rol oynayır. Almaniya həm NATO, həm də Avropa Birliyinin üzvü kimi son zamanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayır. Güman edirəm ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərinin möhkəmlənməsi ilə yanaşı, Qarabağ probleminin ədalətli, beynəlxaq hüquq çərçivəsində həllinə töhfələrini verəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər edib. 
Bahar Rüstəmli