Xəbər lenti

Siyasət 15:30 26.09.2023

"Prezidentlərin görüşündə imzalanan sənədlər ciddi tarixi hadisədir" (ŞƏRH)

"Bu addım İranı, Ermənistanı və Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan digər dövlətləri də düşünməyə və narahat olmağa məcbur edəcək”.
 
Bunu Qaynarinfo-ya politoloq Abutalıb Səmədov Naxçıvanda Türkiyə ilə Azərbaycan arasında imzalanan sənədləri şərh edərkən deyib.

Abutalıb Səmədov bildirib ki, Türkiyə və Azərbaycan prezidentlərinin Naxçıvanda baş tutan görüşü həm iki dövlət, həm də bütövlükdə Türk Dövlətləri Təşkilatı üçün mühüm hadisədir:

"Burada çox ciddi sənədlər imzalandı və mühüm addımlar müzakirə olundu. Naxçıvanın qaz tələbatının ödənilməsi üçün qaz kəmərinin çəkilməsi məsələsi və onun təməlinin qoyulması ciddi tarixi hadisədir. Bu addım gələcəkdə Naxçıvanın İrandan qaz almaq ehtiyacını aradan qaldıracaq. İkinci mühüm addım olaraq, günəş enerjisi, bərpa edilən enerji sahəsində əməkdaşlıq istiqamətində də razılaşma əldə edildi. Bu sahədə Naxçıvan böyük potensiala malikdir. Azərbaycanda bu istiqamətdə  də son illər ciddi addımlar atılır. Yaşıl enerji sahəsində Avropa Birliyilə razılaşmalar mövcuddur. Razılaşma nəticəsində Naxçıvanın təbii potensialından istifadə edərək, günəş enerjisindən alınan elektrik enerjisi gələcəkdə Türkiyəyə ötürüləcək”. 

Ekspertə görə, ən mühüm addım Qars-Naxçıvan dəmiryolunun salınması barədə razılaşmadır: 

"Bu təkcə iki yaşayış məntəqəsi arasında salınacaq dəmir yolu deyil. Şübhəsiz ki, Zəngəzur nəqliyyat dəhlizinin ən mühüm hissələrindən birinin tikintisinin başlanması deməkdir. Həmin dəmir yolu Orta Asiyaya çatacaq və ola bilsin sonra daha da uzanacaq. Çünki bu dəmir yolu böyük beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir. Bu addım bir daha göstərdi ki, Azərbaycan və Türkiyə liderləri geniş miqyaslı layihələr barədə düşünür və dünyanın inkişaf istiqamətlərini digərlərindən daha əvvəl görmək, qiymətləndirmək qabiliyyətinə malik siyasi liderlərdir. Eyni zamanda bu addım İranla Ermənistanı, həm də Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan müəyyən dövlətləri də düşünməyə və narahat olmağa məcbur edəcək. Ancaq nə qədər narahat olsalar da bu mühüm layihənin qarşısını almaq heç kimə müyəssər olmayacaq. Naxçıvan görüşü iki dövlət liderinin bu sahədə nə qədər qətiyyətli olduqlarını bir daha hamıya nümayiş etdirdi”. 

Qeyd edək ki, sentyabrın 25-də Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. Ardınca Azərbaycan-Türkiyə  sənədləri imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası  arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar. Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə  Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, "Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmçinin  prezidentlər Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında da iştirak ediblər. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->