Artıq bir aya yaxındır ki, Belarus-Polşa sərhədində gərginlik bitmək bilmir.
Qaynarinfo xəbər verir ki, əksəriyyəti İraq, Suriya və Əfqanıstandan olan miqrantlar Polşa-Belarus sərhədində acınacaqlı vəziyyətdə qalıb.
Bu arada böhranın öhdəsindən gələ bilməyən Avropa Rusiya və Türkiyəyə qarşı ittihamlar səsləndirməkdədir. Avropa İttifaqının rəsmiləri bildirirlər ki, Türkiyə bu prosesdə Moskvaya kömək edir. Belə ki, İstanbuldan Minskə uçan Türk Hava Yollarının (THY) və Rusiyanın "Aeroflot” aviaşirkətinin təyyarələri qaçqınları və sığınacaq axtaranları görməməzliyə vururlar.
Polşanın Baş naziri Mateuş Moravetski də ölkə parlamentində keçirilən dinləmələrdə miqrasiya problemində Türkiyəni günahlandırıb: "Bir neçə ay əvvəl Türkiyə bizimlə sıx əməkdaşlıq etmək istəyirdi. Gördük ki, yanğınların söndürülməsində, türk turizm sektorunun canlanmasında göstərdiyimiz kömək birtərəflidir. Bu, xoşumuza gəlmədi”.
Üstəlik, Baş nazir Türkiyənin hərəkətlərinin Rusiya və Belarus ilə tam sinxronlaşdırıldığını deyib.
Almaniya Federal Polis Birliyinin rəhbəri Heiko Teqqats qaçqınların Belarusa Türk Hava Yolları və "Aeroflot” şirkətinin təyyarələri ilə gətirildiyini iddia edib.
İttihamlar Polşa mətbuatında da yer alıb. Ölkə mətbuatı yazır ki, Varşava Rusiyaya qarşı Türkiyə ilə hərbi-siyasi müttəfiqliyə ciddi ümid edirdi. Polşa Rusiya və ya Belarusla silahlı toqquşma zamanı istifadəsinə ümid etdiyi türk pilotsuz təyyarələrini alıb. Türkiyə hakimiyyətinin Krımla bağlı mövqeyi Varşavanı da heyran edib. Lakin hər şey gözlənildiyi kimi olmadı. "Defense24”ə görə, ekspertlər dəfələrlə Türkiyəni Rusiyaya qarşı müttəfiq kimi qəbul etməyin mümkünsüzlüyü barədə xəbərdarlıq ediblər.
"Faktik olaraq, Türkiyə NATO-da Moskvanın "Troya atı”na çevrilib. Türkiyə ilə əməkdaşlıq lehinə arqumentlər ona əsaslanırdı ki, bu ölkə tarixən Rusiya ilə döyüşüb, Yunanıstan və Kipr isə ənənəvi olaraq Rusiyanın tərəfdaşı olublar. Amma sonda "Türk Hava Yolları” miqrantları İraqdan Minskə daşımağa başladı”, deyə sayt yazır
Məqalədə vurğulanıb ki, türklər miqrantların Polşa sərhədinə göndərildiyini yaxşı bilirlər. Üstəlik, Türkiyə Belarusa uçuşların sayını artırıb, İraq isə birbaşa uçuşları dayandırıb.
Kamran Xəlilov
Şərhlər