Rəsmi Kreml Rusiya prezidenti Vladimir Putinin İrana səfər edəcəyi barədə yayılmış məlumatları təkzib edib.
APA-nın məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dimitri Peskov bildirib ki, V. Putinin yaxın vaxtlarda müxtəlif xarici səfərləri olacaq və bununla bağlı rəsmi məlumat veriləcək: “Ancaq rəsmi Moskva İrana səfər edəcəyi ilə bağlı xəbəri təsdiqləmir”.
Bundan əlavə, İranın Rusiyadakı səfirliyindən də V. Putinin Tehrana səfərinin gündəmdə olmadığı bildirilib. Səfirlikdən deyilib ki, hazırda Rusiya prezidentinin İrana səfəri planlaşdırılmır: “Lakin ilkin razılaşmalara əsasən, gələn ay Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək zirvə toplantısında İranla Rusiya prezidentləri arasında görüş keçiriləcəyi istisna edilmir”.
Qeyd edək ki, Rusiyada nəşr olunan “Kommersant” qəzeti V. Putinin avqustun 16-da İrana səfər edəcəyini yazıb. Xəbərdə V. Putinin İrana səfərində ikitərəfli əlaqələr başda olmaqla bu ölkənin mübahisəli nüvə proqramı, Buşəhr Atom-Elektrik Stansiyasının yeni bloklarının inşası, “S-300” hava hücumundan müdafiə sistemlərinin əvəzinə “Anti-2500” hava hücumundan müdafiə sistemlərinin təslimi və rəsmi Tehranın “Rus Abaron Export” şirkəti əleyhinə beynəlxalq məhkəməyə etdiyi şikayətini geri götürməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacağı qeyd olunub.
Şərhlər