Dünya 22:48 06.11.2013

Putin qafqazlılara görə Jirinovskini danladı


Az əvvəl Rusiya prezidenti Vladimir Putin avantürist açıqlamaları ilə məşhur olan siyasətçi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskini Moskva ətrafındakı Novo Oqaryevo iqamətgahında qəbul edib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Jirinovskinin miqrantlara qarşı çağırışlarından və Şimali Qafqazı tikanlı məftillə hasarlamaq təklifindən narahatlığını bildirib. Rusiya prezidenti siyasətçini “ölkənin fundamental vəzifələrinə zidd olan bəyanatlardan” çəkinməyə çağırıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş qətl hadisəsindən və bu hadisə ilə bağlı Moskvanın Biryulevo rayonunda baş vermiş iğtişaşlardan sonra Jirinovski ənənəvi üslubunda qafqazlılara qarşı çıxışlar edib. O, telekanalların birinə müsahibəsində deyib ki, Şimali Qafqazı tikanlı məftillərlə hasarlamaq və bu bölgədə əhali artımını məhdudlaşdırmaq lazımdır.

Jirinovskinin bu sözləri Şimali Qafqaz respublikalarında qəzəblə qarşılanıb.

Rusiya prezidenti Liberal-Demokrat Partiyasının lideri ilə şəxsi görüşündə bildirib ki, Jirinovski Rusiya siyasətinin veteranıdır və onun iqtisadiyyatda, sosial sferada, daxili siyasətdə uğurla reallaşan bir çox maraqlı ideyaları var.

“Mənim sizdən böyük xahişim var. Sizin 20 ilə yaxındır formalaşmış dayanıqlı elektoratınız var. Mən hesab edirəm ki, ölkəmizin fundamental maraqlarının ziddinə olaraq öz mövqelərinizi möhkəmləndirmək üçün sizin elektoratınızın müəyyən hissəsinə müraciət etməyinizə ehtiyac yoxdur” - deyə Putin Jirinovskiyə bildirib.

Jirinovski isə Putinlə görüşündə miqrantlar problemini qaldırıb, bu problemi həll etmək üçün miqrantları işlə təmin edənlərə qarşı sərt tədbirlər görməyə çağırıb. Jirinovski deyib ki, əgər işə götürənlərin qarşısında miqrantları yataqxana, tibbi xidmət və istirahət, normal əməkhaqqı ilə təmin etmək şərtləri qoyulsa, onda miqrantları işə götürmək onlara sərf etməyəcək.

Putin bu təkliflə razılaşıb. Eyni zamanda bildirib ki, miqrantlara qarşı sərt tədbirlərin əleyhinədir, lakin miqrantlar da Rusiyanın və onun regionlarının adət-ənənələrinə, qanunlarına hörmət etməyə borcludur.

Qaynar.info