Xəbər lenti

Putindən Zelenskiyə Donbas həmləsi
Şahin Cəfərli
Siyasət 12:05 26.04.2019

Putindən Zelenskiyə Donbas həmləsi

Şahin Cəfərli
Politoloq

Putin Donbas sakinlərinə sadələşdirilmiş qaydada Rusiya pasportlarının verilməsi barədə fərman imzaladı.

Zamanlama maraqlıdır: Ukraynada seçki yenicə başa çatıb, Rusiyanın nifrət etdiyi Poroşenko uduzub, yeni prezident yaxın günlərdə bəyaz səhifə açaraq fəaliyyətə başlayacaq. Məntiqlə, Moskva Zelenskiyə şans verməli, onun atacağı ilk addımları gözləməli, sonra buna uyğun siyasət müəyyən etməli idi. Lakin belə olmadı. Sərtlik dozasının yüksəldilməsinin səbəbləri nədir?

İlk növbədə səbəb budur ki, Kreml Zelenskidən hər hansı müsbət siqnal ala bilmədi və əmin oldu ki, Ukraynanın xarici siyasətində və problemə baxışında radikal dəyişiklik gözləməyə dəyməz.

Putin həmlə diplomatiyasını sevir və hər dəfə ilk addımı özü ataraq qarşı tərəfi (Qərbi) daim reaksion mövqedə qalmağa məcbur edir. Qərbdə qərar qəbuletmə mexanizmi mürəkkəbdir və zaman alır. Onlar hərəkətə gələnə və öz siyasətlərini öz aralarında (qurumlararası və dövlətlərarası) müzakirə edib, razılaşdırana qədər ölkəsində hakimi-mütləq olan çar Putin qərarını verib, icraya yönəldir. Son qərarı ilə Kreml rəhbəri həm də nümayiş etdirir ki, gərginliyi artırmaq imkanları genişdir və Qərbdən gözlədiklərini ala bilməsə, daha radikal addımlara getməkdən çəkinməz. Putin Qərblə ehtimal olunan bazarlıqlar üçün əlindəki kartların sayını və sanbalını artırır ki, masada qarşı tərəfdən daha çox güzəşt qopara bilsin.

Mən Rusiyanın Donbasın Ukraynanın nəzarətindən kənar hissəsini ilhaq edəcəyinə şübhə edirəm, məqsəd o deyil (Yeri gəlmişkən, Donbasın çox hissəsi Ukraynanın nəzarətindədir. Ümumilikdə Krım da daxil olmaqla, Ukrayna öz ərazilərinin 7%-ni itirib.) Məqsəd bu bölgəyə Ukrayna daxilində yüksək özünüidarəetmə hüququnun verilməsinə, faktiki, Ukraynanın federallaşmasına nail olmaqdır. Bu halda, Moskva Kiyevin siyasəti üzərində real və daimi təsir imkanı qazanacaq. Yəni məqsəd bu qarayaranın Ukraynanın orqanizmində qalmasını təmin etməkdir, oradan qoparılması yox. Krımdan fərqli olaraq, Donbasın hazırda Rusiyanın nəzarətindəki hissəsinin Moskva üçün strateji əhəmiyyəti yoxdur. Dənizə çıxışı olmayan, sənayesi məhv olmuş ərazi Rusiyanın nəyinə lazım? O halda lazım olar ki, Rusiya Mariupolu da ələ keçirərək oradan Xersona qədər uzanan dəhlizi nəzarətə götürüb, Krıma quru yolu açsın. Bu isə genişmiqyaslı müharibə deməkdir, o boyda ərazini tutmaq və sonra həmin uzun koridoru nəzarətdə saxlamaq üçün böyük sayda quru qoşunları, aviasiya qruplaşması və böyük miqdarda maliyyə vəsaiti lazımdır. Ukrayna 2014-cü ildən fərqli olaraq, indi 250 minlik ordusu, 200 minlik rezervi ilə ciddi müdafiə potensialına sahibdir. Rusiyanın irəliləməsi mümkündür, amma blitzkriq imkansızdır, ona görə də Moskva bu varianta getməz.

Başqa bir səbəb Rusiyadakı ağır demoqrafik böhrandır. Əhalinin artımı dayanıb və reqres başlayıb, yəni əhali azalır. Artımı təmin edən regionlar isə qeyri-rus bölgələridir. Bu, Moskvada strateji planlaşdırma ilə məşğul olan mərkəzləri narahat edir və qorxudur. Ukraynanın şərqindəki pravoslav əhali - ruslar və ruslaşmış ukraynalılar demoqrafik yanğını söndürməyə müəyyən qədər kömək edə biləcək əlverişli mənbədir. Bu mənbədən niyə istifadə olunmasın? Təsadüfi deyil ki, Rusiya Pensiya Fondu yalnız daimi yaşayış üçün Rusiyaya köçəcək "DNR” və "LNR” sakinlərinə pensiya müəyyən olunacağını açıqlayıb. Ukraynada qalmağa davam edən şəxslər, hətta ciblərinə Rusiya pasportu qoysalar belə, Rusiyadan təqaüd ala bilməyəcəklər. Bu, Donbasdan Rusiyaya köçü təşviq edən siyasətdir və ilhaq planının olmadığını göstərir.

Ən nəhayət, pasportlaşma Kiyevin öz işğal altındakı ərazilərini hərbi yolla geri almaq iştahını tamamilə aradan qaldırmağa yönəlib. Ukrayna hökuməti nə vaxtsa belə addım atsa, Rusiya öz vətəndaşlarını qorumaq adı altında oraya açıq hərbi müdaxilə edə biləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->