"ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları da yumşaqdır”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Onun fikrincə, elan edilən qərarların içində ən sərt olanı Rusiyanın suveren borcuna qarşı məhdudiyyətdir:
"Amma bu sahədə mümkün olan ən yumşaq variant seçilib. İyunun 14-dən sonra ilkin bazarda Rusiya Maliyyə Nazirliyi, Mərkəzi Bankı və Milli Rifah Fondu tərəfindən buraxılan dövlət istiqrazlarının satın alınması, eləcə də bu qurumlara borc verilməsi qadağan edilir. Yəni sanksiya bütün federal qiymətli kağızlara (OFZ) yox, yalnız qeyd olunan tarixdən sonra buraxılacaq yenilərinə şamil ediləcək. Sərt variant bu olardı ki, sanksiya bütün kağızlara (köhnə, yeni) aid edilsin və bunları ikinci (təkrar) bazardan əldə etmək də qadağan olunsun. Başqa bir ehtimal Rusiyanı SWIFT-dən təcrid etmək variantı idi. Bu addımlara getmədilər. Sadəcə əlavə ediblər ki, ehtiyac olarsa, bu sahədə sanksiyaları genişləndirəcəklər. Yəni, Qərbdə hələ də ümid var ki, Putin siyasətinə korrektələr edə bilər. Məhz bu səbəbdən əlyeri qoyurlar və bütün körpüləri yandırmırlar. Həmçinin, əllərindəki bütün barıtı tükətmək istəmirlər”.
Şahin Cəfərli ümid edir ki, Putini Ukraynaya hücum etmək dəliliyindən vaz keçirə biliblər.
Bahar Rüstəmli
Şərhlər