Ölkə 15:34 31.01.2019

“Qaçqınkom”: Əli Həsənovun xidməti avtomobili Nazirlər Kabinetinə məxsusdur

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev üçün 179 min 444 manat qiymətində bir ədəd "BMW 740 Lİ” markalı xidməti avtomobilin alınması ilə bağlı müzakirələr davam edir.

Qaynarinfo xəbər verir ki, yayılan xəbərlərlə bağlı bu gün daha bir açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik: 

"Son günlərdə bəzi xəbər saytlarında və qəzetlərdə "Əli Həsənov "Qaçqınkom”dakı xidməti avtomobili özü ilə aparıb”, "Əli Həsənov "Qaçqınkom”dan apardığı "BMV”yə görə cəza ala bilər” və s. kimi başlıqlı həqiqətə uyğun olmayan yazılar dərc olunub.

Məlumat üçün bildiririk ki, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.

Əli Həsənov həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılmışdır".