İctimai nəqliyyatda avtobus sürücüsü kimi fəaliyyət göstərən qadın sürücülərin arasında müxtəlif ixtisas və peşə sahiblərinin olduğu açıqlanıb. Sürücü kimi işə başlayan Rəna Cəfərova ixtisasca müəllimdir. O bildirib ki, hər zaman avtobus sürmək arzusunda olub. Onu ictimai nəqliyyata gətirən də elə bu arzusu olub.
Bəs, müəllimi ictimai nəqliyyatda avtobus sürücüsü işləməyə aparan səbəblər nədir?
Təhsil eksperti Elşən Qafarov Qaynarinfo-ya açıqlamasında zamanla müəllimlərin sayının daha da azalacağını bildirib:
"Pedaqoji sahədə ölkədə təhsil verən 23 ali təhsil müəssisəsi var. Yəni 47 ali təhsil müəssisəsindən 23-ü pedaqoji sahədə təhsil verir. Son illər məktəblərin sayı sürətlə azalır. Təkcə 2025-ci ildə 316 məktəb bağlanıb və bu proses davam edir. Şagird sayı 100 nəfərdən aşağı olan məktəblərin sayı 1241-dir. Elm və Təhsil Nazirliyi yaxın 3-5 ildə də şagird sayı 100-dən aşağı olan məktəblərin bağlanmasını planlaşdırır. Digər tərəfdən insanların kəndlərdən köçməsi nəticəsində şagird sayı 100-dən yuxarı olan məktəblərin sayı azalır".
Ölkədə müəllim işləyənlərin sayı da azalır. Bir neçə il bundan əvvəl müəllim sayı 150 min idisə, indi bu rəqəm 120 min civarındadır. Yaxın bir neçə ildə də müəllimlərin sayının 100 mindən aşağı düşəcəyi gözlənilir. Hazırda pedaqoji sahədə təhsil alanların sayı da bildiyim qədərilə 60 min civarındadır. İllik ehtiyacın da müəllimlərin işə qəbul müsabiqəsində hər il 8-10 min olunduğu elan edilir. Hər il 8-10 min işə qəbul var, amma həmin rəqəmləri açıqlamırlar. Biz bilmirik ki, 8-10 minin neçə faizi ilk dəfə işə girənlərdir? Qaydalara görə, hazırda başqa məktəbdə müəllim işləyə-işləyə müəllimlərin işə qəbulu müsabiqəsinə sənəd vermək olar".
Müəllim kimi təhsil alan şəxsin avtobus sürücüsü işləməsinə gəlincə, Elşən Qafarov bunun dünyanın əksər yerlərində olduğunu vurğulayıb:
"Təhsil alıb, amma özünü müəllimlik peşəsində görmür, yaxud da yaşadığı ərazidə müəllim üçün ştat yoxdur. Təbii ki, insan da işləmək istəyir, dolanmalıdır. Nəyi bacarırsa, ona uyğun vakansiyalara müraciət edir, müsabiqədən keçdikdən sonra sürücü olmaqla yanaşı digər sahələrdə də işləyə bilər. Burada ayıb, yaxud da irad bildiriləsi nəsə yoxdur".
Ekspert hesab edir ki, müəllimlərin peşələrindən ayrılmaması üçün çıxış yolu islahatların aparılmasından keçir:
"Getdikcə pedaqoji sahədə müəllim ştatlarının sayı azalacaq. Say azalacaq, üstəlik tələb və təklif mövzusu var. Ölkədə məktəblərin sayı sürətlə azalır, nəticə etibarı ilə bu, müəllim yerlərinin sayına təsir edir. Bu məsələni əmək bazarı tənzimləyir. Bu baxımdan təhsil almasına baxmayaraq, kim harada istəyirsə işləyə bilər, sərbəstdir. Digər bir tərəfdən Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmi var. Mühəndis, həkim, hüquqşünas olmaq istəyən gəlib müəllimlik ixtisasına düşür. Düşünürəm, Dövlət İmtahan Mərkəzi qrup imtahanları ixtisaslar üzrə olan imtahanlarla əvəz edilərsə, bu sahədə böyük dönüş olar. Konkret olaraq kim müəllim olmaq istəsə, elə bu sahəyə yiyələnər. Böyük dəyişiklik etmək lazımdır. Təəssüflər olsun, bizdə islahat adı altında hər şey edilir, amma islahatdan başqa".
Qeyd edək ki, bu gün avtobus sürücüsü kimi fəaliyyətə başlayan Rəna Cəfərova mediaya açıqlamasında seçiminin səbəbini belə izah edib: "Avtobus sürmək çox gözəl hissdir. Bundan öncə avtobus sürməmişəm, 20 ildən çox sürücülük təcrübəm var. Xanımlar daha səliqəli sürücülük edirlər. Sayımız artsa, daha yaxşı olar. Sərnişinlərin təzyiqi məni qorxutmur. İxtisasım İnformatika müəlliməliyidir. Avtobus sürmək uşaqlıq arzum olub".
Bahar Rüstəmli
Şərhlər