Xəbər lenti

Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb (VİDEO)
Video 18:22 05.04.2019

Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb (VİDEO)

Bəli bir zamanlar qadınlar kişilərdən qorxurdu, artıq qadınlar tərəfindən döyülən kişilərə də rast gəlirik.

ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Əgər bu gün kişilər döyülürsə günah kişidədir”.

Sakin: "Günahkar kişi döyülməlidir dəəə, günahkar qadın da söz almalıdır”.

Rəşad Əsgərov - Sosioloq: "Bəzi ailələrdə kişilərin müəyyən qədər iş yerini itirməsi, iş tapa bilməməsi onların qadınlardan iqtisadi asılılığı ailədə hegemonluğun, dominantlığın qadına keçməsinə gətirib çıxarır ki, bu da ailə daxili zorakılıq problemlərində kişilərə qarşı təzyiq problemlərinin artmasına, kişilərə qarşı zorakılıq hallarının genişlənməsinə gətirib çıxarır”.

Vəfa Əkbər - Psixoloq: "Biz alışmışıq sadəcə qadının döyülməsinə, göz yumuruq. 90 faiz qadın döyüləndə deyirik ki, kişidir də əsəbləşdi döydü. Qadının xəyanəti, qadının etdiyi şiddət daha tez gözə çarpır, çünki qadın deyəndə zəif, həm də zərif, sakit, hər sözü udan, təmkinli, bir gözü kor, bir qulağı kar, bu yalnış fikirdir əlbəttə”.

Azərbaycan ailəsində arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Amma az olsa da belə hallara rast gəlinir. Sosioloqlarsa rəsmi qurumları bu məsələ ilə bağlı diqqətli olmağa, bir sıra tədbirlərin görülməsinə çağırır.

Mövzu ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlovaya müraciət etsək də o, danışmaqdan imtina etdi. Ümumiyyətlə isə, dünyada hər 100 qadından 71-i, hər 100 kişidən isə 27-si zorakılıqla üzləşir. Azərbaycandan fərqli olaraq demək olar ki, bütün ölkələrdə kişilərin hüquqlarını müdafiə komitəsi və kişi sığınacaqları var.

Psixoloqlarsa bu kimi hallarda mütəxəssislərə müraciət etməyin vacibliyinə diqqət çəkir.

Vəfa Əkbər – Psixoloq: "Ailə daxilində baş verirsə bu hadisə deməli artıq nəsə düz getmir və mütləq şəkildə psixoloqa müraciət olunmalıdır. Aktiv həyat tərzi, yəni idmanla məşğul olsalar, yeriyişə çıxsalar, bu olduğu təqdirdə bədənə yığılan neqativ enerji artıq tükənəcək və şiddətə meyillilik olmayacaq”.

Şiddətin cinsi yoxdur. İstər qadın, istərsə də kişi son çarəni bunda görməməlidir. Mütəxəssislər bildirir ki, anlaşaraq, danışaraq istənilən problemli məsələnin həllinə nail olmaq olur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->