Son günlər Avropa sərt qış havası ilə mübarizə aparır.
Qaynarinfo xəbər verir ki, ekstremal temperatur və güclü qar yağıntıları nəticəsində reyslər və qatarlar ləğv olunub, yollarda tıxaclar yaranıb və bir çox ölkədə məktəblər bağlanıb.
Xüsusilə Niderland ağır zərər görüb: hava şəraiti və texniki nasazlıqlar dəmiryolu nəqliyyatını demək olar ki, tamamilə iflic edib. Amsterdamdakı "Schiphol" hava limanında dünən təxminən 700 reys ləğv olunub - bu, planlaşdırılan 1200 uçuşun yarısından çoxudur.
Parisdəki "Charles-de-Gaulle" və "Orly" hava limanlarında aviaşirkətlər reyslərin 15%-ni ləğv etməli olublar. Böyük Britaniyada da bir neçə hava limanında uçuşlar ləğv edilib.
Fransada isə yol tıxacları təxminən 1000 kilometr uzunluğunda olub: Normandiya, Bretan və Paris ətrafında. Normandiyada hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrində ən azı beş nəfər ölüb.
Qar və şaxta yüksək sürətli qatarların hərəkətini də ləngidib: fransız TGV qatarı sürəti 300-dən 200 km/saat-a endirməyə məcbur olub. Parisdə avtobus hərəkəti və bəzi tramvay xətləri dayandırılıb.
Böyük Britaniyada yüzlərlə məktəb bağlanıb: yalnız Şimali İrlandiyada 212 təhsil müəssisəsi fəaliyyətini dayandırıb. İngiltərə, Şotlandiya və Uelsdə də çoxlu məktəblər müvəqqəti bağlanıb.
Bundan əlavə, Böyük Britaniyanı Avropa qitəsi ilə birləşdirən Eurostar şirkəti London–Hollandiya marşrutunda səyahət edən sərnişinlərə səfərlərini təxirə salmağı tövsiyə edib. Niderland üzrə hava şəraitinin pis olması səbəbindən qatarlar yalnız Brüsselədək hərəkət edə bilib.
İspaniyanın Balear adalarında da sıx qar yağıb: Mayorka və digər bölgələrdə hakimiyyət üçüncü — sarı səviyyəli — xəbərdarlıq elan edib.
Polşa dəmiryolları da güclü qar yağıntıları səbəbindən uzunmüddətli gecikmələr və qatarların ləğvi barədə məlumat verib. Bosniya və Herseqovina və İsveç hava limanlarında da uçuşların ləğvi qeydə alınıb.
Aydın
Şərhlər