Qara asfaltın ağ günləri...

Qara asfaltın ağ günləri...

Nazlı Ağayeva
 
Gəlmişəm evə, əlimi işığın puçuna atıram, yanır. Sevinirəm. Kranta toxunuram, su da gəlir. İnternet desən, hətta o da var. Uçuram. Hər şeyin yolunda olması nə qədər gözəlmiş, allahım! Amma bu əlamətdar günün şərəfinə pürrəng çay qoymaq üşün qazı açmağa qorxuram. Birdən yanmadı? Bu qədər sevincə, coşquya yazıq deyilmi? Pərt olmarammı, qolum-qanadım yanıma düşməzmi? Qəzalar ölkəsində iki-üç xidmət sahəsinin eyni vaxtda işləməsi bir qazla havaya sovulası xoşbəxtlik deyil. Çayı sabah qoyaram. Qaçmırıq ki? Amma xoşbəxtlik hər an qaça bilər. Əlimizə düşmüşkən qədrini bilək. Çay olmasa üstündən su içərik. Su həm də aydınlıqdır...

*
Altmış yaşımın təxminən əllisini "kəndimizin yolu asfalt olsaydı” nisgili ilə yaşamışam. O əlli ilin çoxu yol dərdimizi əvvəlcə həvəskar oxucu, sonra yerli qəzetin müxbiri, daha sonralar peşəkar yazar kimi işıqlandırıb anlatmaqla keçib. 

...Sovet vaxtı meşənin içindəki araba izlərinin üstündən salınan geniş, qumsal yol payız, qış yağmurlarına tab gətirməyib palçıq xəndəklərinə çevrilərdi. Ağır texnika hər dəfə tonlarla qum, çınqıl daşıyıb yolu təmir edərdi. Hər növbəti mövsümdə eyni şey təkrar olunar, yol idarələri, əhali bu işə səfərbər edilərdi. Yetik uşaq olaraq bir dəfə atamdan yolu niyə birdəfəlik asfalt etmədiklərini soruşmuşdum. Daim "Azadlıq” radiosuna qulaq asan atam gülümsəyib cavab vermişdi:

– Onda dövləti yeyib-dağıtmağa bəhanə qalmayacaq axı. 

Cavabdan bir şey qanmasam da, balaca canımla o boyda dövlətə yazığım gəlmişdi. Ki, sonralar aqibətini hamımız gördük.

*
Son bir ayda kənd əhalimizin sosial şəbəkə hesabları qara asfalt fotolarına bələnib dedilər. Arzularının ifadəsi hesab edib kövrəldim. Amma yox... Bu günlərdə kəndə yolum düşəndə sakinlərin asfalt xəyalının gerçəkləşdiyini gördüm. Gənc "xalturşik” təbii sevinc və maraqla soruşdu:

– Asfaltı görməyə gəlmisiz, Nazlı xala?

Allahım, dünyanı dağıdıb təzədən yığan bicəngə iyirmi birinci əsrdə bu nə saflıq, nə məsumiyyət?! Tamaşadırmı asfalt, möcüzədirmi? Onun asfalt xoşbəxtliyinə zərər verməmək üçün ehmalca başımı tərpətdim. Əslində isə o asfaltı bir ömür gözləyərək görmədən gedənlərimi ziyarətə gəlmişdim. Asfaltı yolüstü gördüm. Amma o asfaltın üstündə gəzməyə gücüm qalmamışdı. 

Gənc nəsillərin asfalt yolları düşərli olsun əlbəttə. Biz onsuz da torpağa doğru gedirik. Di gəl ki, ağlıma taxılan bir şey var. Əgər insanları xoşbəxt etmək bu qədər asan idisə, niyə başçının kəndə səyyar qəbula gəldiyi vaxta qədər gözlənilməliydi? Deyirlər o çətin səfərdən sonra adam şəxsi təşəbbüs göstərib əmək verərək balaca kəndimizin adını böyük layihəyə saldırıb. Allah razı olsun. Amma birdən gəlməsəydi? 

Gəlməsəydi, bu kəndin uşaqları hər fürsətdə əllərinə yalan-doğru velosipeddən-avtomatdan alıb sevincək  asfalta doğru qaçmazdılar. Cavanlar köhnə avtomobilllərin tozdan qorunmaq üçün daim bağlı şüşələrini açıb yolboyu ciyər dolusu nəfəs ala bilməzdilər. O boyda yolu cəmi bir neçə dəqiqəyə gəldiklərinə görə dükan qabağında bir-birinə hava atmazdılar. Qocalar yuxarıdakı mənim kimi özlərinə qalsa, o asfaltdan həzz alacaq durumda deyillər. İnnən belə yalnız evin-eşiyin, kəndin-kəsəyin xeyrinə olan şeylərə "amin” deməklə qalan ömürlərini başa vurmağa çalışacaqlar.

Xoşbəxtlik bu qədər yaxınkən onu illərlə gözləmək, bəzən də görmədən dünyadan gedənləri xatırlamaq kədərli duyğudur. Hərçənd artıq mənim qara asfaltın ağ günlərini yaşayan kəndimə kədərli xatirələr yaraşmaz. Bundan belə bu kənd irəliyə doğru sürətli bir yol aldı. O yol umu-küsülü keçmişin üstünü qalın, keyfiyyətli asfaltla örtüb xalqı xoşbəxt gələcəyə aparacaq. O yolun ağına düşüb gedənlər həmin bu xoşbəxtliyin uzun-uzun illər əvvəl hətta yaxınlıqdakı fermaya, gül plantasiyalarına qədər gəldiyini unudacaqlar. O zamanlar həsrətlə baxdıqları asfaltın heyvanlara, bitkilərə çəkildiyini, onlara rəva görülmədiyini xatırlamayacaqlar. Elə yaxşısı, salamatı da keçmişi unutmaqdır. Hətta ən ağır işgəncələrin, zorlamaların yeri tədricən sağalırsa, daha bunları dərd eləyib ürəyə salmağın nə mənası var ki. Əksinə, hər cür "qəza vəziyyətinə” immunitet artıranlara minnətdar olmalıyıq.

P.S. Bilirəm, kəndçilərimiz bu yazıya görə məndən inciyəcəklər. İnciməklə qalmayıb bəlkə adımı qara siyahıya da salacaqlar. Amma bir allah şahiddir ki, o kəndin o asfalta qovuşmasını mənim qədər istəyən olmayıb. Sadəcə bu gün onların sevincinə şərik olmaqla qalmayıb, bir az peşəkarlıq elədim, o qədər. Yoxsa ki, asfalt sevməyən adam olarmı? Qapqara, qapqalın, ham-hamarat qazmaqdı elə bil. Gecikmiş haqqınızı gülə-gülə işlədin və yeni möcüzələr arzulayın...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR