Xəbər lenti

Qara eynəkli dilənçi qadın, 20 qəpiklik dua...
Lalə Niftaliyeva
Ölkə 14:47 02.12.2017

Qara eynəkli dilənçi qadın, 20 qəpiklik dua...

Lalə Niftaliyeva

Hərdən adama elə gəlir ki, bu boyda dünya bir körpənin oyuncağıdı. Sən də onu əyləndirmək üçün əlinə verilən oyuncaqsan. O da istədiyi kimi oynayır sənlə. Belə olanda, istəyirəm yatım. Yatım və bütün bu oyunlar bitsin. Həqiqətləri bilmirəm, zatən axtarmağa çalışsam, oyundakı vaxtım bitəcək. Amma biz oyuncaqların həm də qəribə məziyyəti var. O uşağın keçirdiyi hissləri biz də hiss edirik. Sən onun hisslərinə necə təsir edirsənsə, o da sənə ona uyğun qarşılıq verir. Bunları keçək, çünki mövzu ilə heç bir əlaqəsi yoxdur, amma elə bəlkə də bütün mövzu budur.
  
Zəngli saatın səsinə oyanıb, hər gün işə gedirik. Hamıya şamil olunmasa da, çoxu bu cür həyat tərzi keçirir. Standart və şablonlarla da işim yoxur bu gün. Zatən redaktor yazı tələb edir, biz də nəsə yazmalıyıq. Hərənin bir işi var da. Mən sevirəm bu yazı işini. Yəqin o bayaq dediyim uşaq mən yazanda xoşbəxt olur. Ona görə məni bu redaksiyaya atıb. 

Onu deyirdim axı, səhərlər işə gedəndə tez-tez dilənçilərlə rastlaşıram. Biri var qoca qadındı. Hər zaman qara geyinir və gözünə qara eynək taxır. Hər gün eyni yerdə dayanır, müşahidələrimdən gəldiyim nəticəyə görə, bazar günəri həmin qadının istirahət günü olur. Deməli küçənin dönən kimi uzaqdan müşahidəyə başlayıram. Tələsik metroya gedən insanlar o qadının yanından keçəndə iki yerə ayrılır. Ona pul verib dua satın alanlar və pul verə bilməyib ordan əzilə-əzilə keçənlər. Pul verib keçənlərdən danışmaq istəyirəm bir az. Çünki onların həmin qadına pul vermədikləri zaman keçirdikləri hisslər psixologiyamızın vəziyyətini ortaya qoyur. 

Deməli qadının yanına çatana kimi içində bir səs başlayır pulları saymağa, ikinci isə onları hara xərcləməli olduğu yerləri diqtə edir. Adamın üzündə elə bir ifadə yaranır ki, elə bil qarşısına dilənçi yox, qara pişik çıxıb və bütün işləri uğursuzluqla nəticələnəcək. Ah, bu inanclar. Əgər bu bölüşdürdüyü xərclərin içərisində 20 qəpik artıq qalırsa, həmin pulu qadının ovcuna qoyur. Və həmin qadın pulun miqdarına uyğun olaraq, başlayır dua etməyə. Məsələn, 20 qəpiklik dua bundan ibarətdir: "Allah köməyin olsun". Yox əgər, miqdar artırsa, o zaman  dua daha da keyfiyyətli olur: "Allah ruzini yetirsin, bala. Tanrı səni qorusun, günün uğurlu olsun". Bunun qarşılığında pul verən adamın üzünə bir təbəssüm qonur və içindəki səs: "Yaxşılıq etdim. Ay camaat, yaxşılıq".

Artıq duaları tanımadığımız yaşlı qadınların dilindən satın almağa başladığımızı anlayıram. Yox, əsl məsələ satın aldığımız dualar deyil, biz yaxşılıqları pula çevirmişik. Çünki verdiyimiz pulun mütləq qarşılığı olmalıdır. İndi içindən bir səs "Təbii ki, qarşılğı olmalıdır, mən ki, zəhmət çəkirəm", deyəcək. Bütün bu gözləntilər sayəsində bir-birimizə düşmənik. Həyatlarımız hər gün baş çəkdiyiniz ticarət mərkəzinə dönüb. Alış-veriş... 

Bir də var bu qadının yanından düz keçən insanlar. Uzaqdan həmin qadını görüb, papaqlarının altında yoxa çıxırlar sanki. Onlara elə gəlir ki, bu qadına pul vermədiklərinə görə, bütün günü uğursuzluq onları qarbaqara izləyəcək. İzləyir də, uğursuzluq bizim cəmiyyətin əsas bəlasıdır. Biz anın nə olduğunu dərk etmədən manqutlaşırıq. Hazır şablonlara uyğun həyatımızı qururuq. 

Bəzən sürətli inkişaf haqqında çoxlu hekayələr dinləyirəm, amma dəyişən nədir? İndi deyəcəm. Dəyişən, yeni tikilən binalar, yeni çıxan texnikadan istifadə və bu kimi şeylər. Bəs bunlar bizə təsir edirmi? Əlbəttə, edir. Artıq evlilik həyatında xoşbəxt olmaq üçün xeyir dua yox, yaxşı fotosessiya lazım olur. Bəli, bizim üçün dua ilə fotosessiyanın mahiyyəti eynidir. Necə ki, dilənən qadının yanından gizlənib keçəndə inandığımız o uğursuzluq var ha, bax elə onun kimi.
 
Demək istədiyim odur ki, əşi heç nə demirəm. Təsvir edirəm, özü də izahlı təsvir. Qərar və nəticə isə sizlikdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->