“Qara Qafur”un 7 milyon dollar pulunu mənimsədilər: “Maybash” əlindən alındı

“Qara Qafur”un 7 milyon dollar pulunu mənimsədilər: “Maybash” əlindən alındı

Kriminal aləmdə "Qara Qafur” ləqəbi ilə tanınan məşhur iş adamı Qafur Rəhimova məxsus 7 milyon dollar vəsaiti mənimsəməkdə ittiham edilən Oybek və Eldor Miraliyev qardaşlarına prokuror cəza istəyib.

Bu barədə Özbəkistan mətbuatı məlumat yayıb. Məlumata görə, Daşkənddə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək Oybek Miraliyevin 15 il, onun kiçik qardaşı Eldor Miraliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Miraliyev qardaşları, məşhur iş adamı Qafur Rəhimovun və onun ailə üzvlərinin etibarından sui-istifadə etməklə 7 milyon dollar məbləğində pul vəsaitini, "Mercedes-Benz Maybash" markalı bahalı avtomobilini mənimsəyiblər. Q.Rəhimovun həyat yoldaşı Lola Rəhimovaya və onun kiçik bacısı Guzal Kamolxodjaevaya külli miqdarda maddi zərər vurublar.

Bundan başqa, sahibkar Şerzod Abbasxadjaevin etibarını qazanmaqla onun 150 min dollar məbləğində pulunu ələ keçiriblər.

Məhkəməyə sədrlik edən hakim təqsirləndirilən şəxslərin özlərinin və müdafiəçilərinin gətirdikləri dəlil-sübutların heç birini qəbul etməyib.

Vəkillərin məhkəmədə qaldırdıqları vəsatətlər təmin olunmayıb. Belə ki, cinayət işi üzrə adı keçən əsas şahid – Qafur Rəhimov və Özbəkistan Baş prokurorluğunun müstəntiqləri məhkəmə tərəfindən dindirilməyib.

Baş prokurorluğun İstintaq idarəsi tərəfindən "saxta zərər çəkmişlər”ə çevrilən şəxslərin Miraliyev qardaşlarına qarşı heç bir iddialarının olmamasına əhəmiyyət verilməyib.

Müdafiəçilərin audioyazıların, maddi sübutların məhkəmədə səsləndirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Vəkillər bildiriblər ki, prosessual qanunvericiliyə əsasən, məhkəməyə sədrlik edən hakim cinayət işi üzrə adı hallanan zərərçəkmişləri və şahidləri dindirməlidir, onların təqsirləndirilən şəxslərlə üzləşdirilməsi keçirilməli, maddi sübutlara hüquqi qiymət verilməlidir.

İttihama görə, Oybek Miraliyev Lola Rəhimovanın kiçik bacısının mülkünün satışından əldə olunan 650 min dolları mənimsəməkdə təqsirləndirilir.

L.Rəhimova istintaqa verdiyi ifadəsində O.Miraliyevin ona məxsus "Mercedes-Benz Maybash" markalı avtomobili mənimsədiyini iddia edib. O, şikayət ərizəsində O. Miraliyevin onun ailəsinə 7 milyon dollar zərər vurduğunu göstərib.

Lakin O.Miraliyevin vəkilləri sahibkar qardaşlara qarşı irəli sürülən ittihamları hələ 2019-cu ilin dekabrında əsassız adlandırıblar.

O.Miraliyevin vəkili iddia edib ki, yüksək vəzifəli məmurların əli ilə müvəkkilini həbsxanada oturdub onun bütün əmlaklarını əlindən almağa çalışırlar.

Miraliyev qardaşları Özbəkistanın quşçuluq biznesində əsas fiqur hesab edilirlər. 2010-2012-ci illərdə O.Miraliyev Dubayda bir neçə biznes-lahiyələrdə iştirak edib.

Qeyd edək ki, 2017-ci ildə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Daşkənddə Miraliyev qardaşlarının quşçuluq kompleksinə baş çəkib və sahibkar qardaşları tərifləyib.

Xatırladaq ki, özbəkistanlı sahibkar Qafur Rəhimov kriminal aləmdə "Qara Qafur” ləqəbi ilə tanınır. Onun "Ded Xasan” ləqəbli (hazırda sağ deyil) Aslan Usoyan və klanı ilə sıx münasibətlərinin olduğu məlumdur. 

Mənbə: Virtualaz.org 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR