Xəbər lenti

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb (FOTOLAR)
Foto 19:30 25.04.2019

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb (FOTOLAR)

Qarabağ döyüşlərində itkin düşmüş 1975-ci il təvəllüdlü, Neftçala rayon sakini İlqar Həsənalı oğlu Nəcəfovun məzarı 25 ildən sonra İmişlidə aşkarlanıb.

"Report”un xəbərinə görə, Neftçalanın Xolqarabucaq kənd sakini, Qarabağ savaşında itkin düşmüş şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbristanlığında naməlum şəhid məzarlarının olduğunu eşidir. Rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb öyrənir ki, vaxtı ilə həmin qəbristanlıqda 32 naməlum şəhid dəfn olunsa da, artıq 25-nin şəxsiyyəti müəyyənləşib. Amma 7 şəhidin qəbri hələ də naməlum olaraq qalır. Şəhidlər dəfn olunarkən onların şəkilləri də çəkilib. Şəhidin atası Həsənalı Nəcəfov özü ilə apardığı oğluna aid olan şəkli təqdim edərkən axund Adgözəl Bəşirov şəklin dəfn olunan şəhidlərdən birinin şəkli ilə uyğun gəldiyini bildirib. Daha sonra axund İlqar Nəcəfovun dəfn olunduğu məzarın yerini şəhidin atasına göstərib.

Şəhidin atası Həsənalı Nəcəfov Neftçala Rayon İcra Hakimiyyətinə müraciət edərək oğlunun məzarının doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndinə köçürülməsi üçün köməklik istəyib. Şəhid atasının müraciəti əsasında aprelin 25-də Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və rayonun axundu Hacı Mirseymur Əliyevin iştirakı ilə məzarın köçürülməsi üçün İmişli rayonunun Şəmmədli kəndinə gedib, məzar açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb. Bu gün axşam saatlarında şəhidin nəşinin qalıqları çıxarılaraq Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşmüşdü.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->