"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi "Kukesi” ilə qarşılaşacaq.
Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxacaq. Təmsilçimiz gələn həftə keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə qazanmağa çalışacaq.
İlk raundda Sloveniya "Olimpiya”sını qol buraxmadan (1:0, 0:0) keçən "Qarabağ” yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.
Eyni uğura doğru daha bir addım atmaq üçün Qurbanovun yetirmələri Albaniya səddini adlamalıdı. Düzdü, indiyədək Azərbaycan klubları bu ölkədən olan rəqiblərini məğlub etməyib. "Neftçi”nin "Skenderbeu” səddini ilişdiyi, "İnter”in səfər qolu ilə "Laçi”ni keçdiyi duellərdə qələbə qeydə alınmayıb. Bu duellərdə ilkə iddialı olan "Qarabağ” yoluna Çempionlar Liqasında davam etməyə köklənib.
Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları)cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
21.00 Kukesi (Albaniya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Qeyr Oskar İsaksen, Kay Erik Stin (Norveç).
Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya).
UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya).
Şkoder. Loro Boriçi stadionu.
Şərhlər