"Qarabağ" heç-heçə ilə yenidən liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu baş tutub.

Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" "ASCO Arena"da "Səbail"lə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səhhətində problem yarandığı üçün komandanı meydana onun köməkçisi Elçin Rəhmanov çıxarıb. Matça gəlincə, hər iki qol fasilədən sonra vurulub. Əvvəlcə 57-ci dəqiqədə "dənizçilər"in hücumçusu Amil Yunanov özü qazandığı penaltini qola çevirib. Amma meydan sahiblərinin sevinci 7 dəqiqə çəkib. Abdullah Zubirin ideal ötürməsindən sonra Donald Gerye topu başla qapıdan keçirərək hesabı bərabərləşdirib. Bu, oyunda vurulmuş sonuncu qol olub.

Bu heç-heçə ilə xallarını 19-a çatdıran "Qarabağ" 1 günlük fasilədən sonra yenidən liderliyə qayıdıb. 10cu xalını qazanan "Səbail" isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın ehtiyatında 1 oyun var.

Günün ilk matçında "Keşlə" evdə "Sabah"la bərabərə qalıb - 1:1.

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib. Tura sabah keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR