Xəbər lenti

Qarabağ qazisinin xanımı:
Ölkə 12:33 10.08.2015

Qarabağ qazisinin xanımı: "5 ildir prezidentə məktub yazıram..."

"Həbs olunsam, ərimin əlilliyi olduğu üçün balalarımı uşaq evinə verərlər"

...Onun əllərinə toxunmayana qədər bəlkə də dediklərinə inanmayacaqdım. Daş kimi bərk əlləri, dərin kəsik izləri olan biləkləri var. Tez-tez "mən bəndəyə yalvara bilmərəm, nə istəyirəmsə, Allahdan istəyirəm" - deyirdi. Boynundan üstünə "Allah" yazılmış xırda kulonlu boyunbağı asıb. Çətinliklərdən danışdıqca, həmin kulonu, daha doğrusu, yazısını öpürdü. Qapılarda döşək, yorğan yuyan, sırıyan, cehiz salan, ev təmizliyinə gedən bu qadının cəmi 32 yaşı var.

"Uşaq evində böyümüşəm. Atam sonradan gəlib məni tapıb. İndi mənimlə yaşayır. Yoldaşım 2-ci qrup Qarabağ əlilidi. 15 ildi ailəliyəm. İki uşağım var. Dolanışığım belədi ki, ev təmizləməyə çağıran olanda gedib evini təmizləyirəm. İynə də vura bilirəm. Yorğan-döşək salıram. Yun yuyuram" - deyir, Ruhiyyə Rüstəmova.

Nərimanov rayonunda, keçmiş Montin deyilən, hazırda  Hidayətzadə küçəsi 7D ünvanında yaşayır. Qapını açıb həyətinə daxil olduqda ilk gözümüzə dəyən üst-üstə qalaqlanmış daş, çirkli xalçalar, yun torbaları, bir tərəfdə sırınan döşək, kələ-kötür tikili və evində saxladığı küçə heyvanları oldu.

Başına gələnlərdən danışır: "Elə bilin, qarmağa keçmişəm. Hələ də şokdan ayıla bilmirəm. Məni polisə elə apardılar, elə bildim adam öldürmüşəm. Bir qadın mənim haqqımda polisə şikayət edib. Guya onun evindən qızıllarını oğurlamışam. Məni də həmin qadınla qonşudakı Əminə xala tanış edib. Onların evlərini təmizləmişəm. Mənə yemək də veriblər, paltar da. Yalan deməyəcəm. Ancaq axırıncı dəfə Qazaxıstana gedəndə qızın rəfiqəsi mənə qızılları verdi ki, apar sat, pulunu gətir. Mən də apardım qızılı banka verdim, pulunu gətirdim verdim özlərinə. Mən də bankın pulunu 2 ay ödədim. Ancaq sonradan ödəyə bilmədim. Mən öz ailəmi güclə saxlayıram. Yoldaşım da işləmir. İndi 1 ildən sonra 18-ci polis bölməsinin polisləri məni qapıdan cani kimi apardılar ki, sən oğurluq eləmisən".

Başına gələnləri danışdıqca, o, yalnız bircə dəfə kövrəldi. O da onu həbs etsələr ərinin əlil olduğu üçün övladlarının uşaq evinə veriləcəyini deyəndə. Önümüzdə yazıqlanan, məzlum görünməyə çalışan qadın dayanmamışdı. Problemini danışanların alışdığımız acınmaq istəyi bu qadında yox idi. Ona təsir edən polislərin onu bölməyə aparmasından çox özünün dediyi kimi eşitmədiyi söyüşləri eşitməsi idi.

"İndiyə qədər harda idi? Soyadlarını bilmirəm. Adı Alina, atasının adı isə Vahiddi. Atası Qazaxıstanda iş adamıdı. Nə vaxt mənə zəng vurublar nömrələri görünməyib. Çox imkanlı adamlardı. Alina Qazaxıstan vətəndaşı olduğuna görə qızılı getməzdən öncə - oktyabrda mənə verib. Mən də aparıb banka qoyub əvəzində pul götürmüşəm. "Muğan Bank"ın sənədində də var - 3330 manatlıq qızıl idi. Mən qorxuram ki, məni oğru adı ilə tutacaqlar,  uşaqlarım qapılarda qalacaq. Bu körpələrimə kim baxacaq? Yoldaşım əlildi. Məni söydülər. Sənin ağzın bu, üzün bu. Donub qalmışdım. Axırı dözmədim. Dedim: "Sən kimsən ki, məni təhqir edirsən?” 18-ci bölmədə oldu. Kənan adlı müstəntiq dedi ki, biz bilirik siz necə adamsınız. Qızılı oğurlasaydın, banka satmazdın. Ancaq mən elə söyüşlər eşitdim ki, hələ də özümə gələ bilmirəm".

İki həftə öncə polisə aparılan qadın elə bölmədən də evinə buraxılıb. Oğurluq ittihamının nədən qaynaqlanması, şübhəli şəxs qismində saxlanılan adama qarşı bu cür münasibətin qanunda öz əksini tapıb-tapmamsıyla əlaqədar 18-ci polis bölməsi ilə əlaqə saxladıq. Bizi dəftərxanaya yönləndirsələr də, dəftərxana əməkdaşını tapa bilmədik. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə R.Rüstəmova haqda bilgiləri götürdükdən sonra bizə bunu dedi: "Rüstəmova Ruhiyyə xanıma deyin ki, şikayəti varsa, dövlət qurumlarına müraciət eləsin".

Dövlət qurumlarının soyuqqanlılıqla qarşıladığı Qarabağ qazisinin həyat yoldaşı isə durmadan günahsız olmasına əsaslar gətirir: "Əgər mən oğru idimsə, niyə bu 1 il ərzində bizə gəlib-gedirdi? Bu il itini də mənə saxlatdırıb. Düz 7 ay onun itini saxlamışam. Bir ildən sonra məni polisə verib. Səhərə qədər yata bilmirəm. Mən bir gün işsiz qalsam, bunlar acından ölər. Yoldaşım 270 manat müavinət alır. Özü də xəstədi. Adı da Rüstəmov Vahid Əkbər oğludu. Neçə dəfə döyüşlərdə yaralanıb. O özü müstəqil şəkildə hamamlana da bilmir. Bunu da mən edirəm. Məni mənə yapışmayan adla həbs etmək istəyirlər".

Həyətə girdiyimiz zaman evin kələ-kötürlüyü diqqətimizi çəksə də, bu haqda soruşmağa ürək eləmirdik. Kasıblıqdandı düşünmüşdük. Sən demə, Qarabağ qazisinin ailəsinin məskunlşdığı topaq sahəsində qonşusunun gözü varmış. Bu göz hətta evin ünvanını saxtalaşdıracaq qədər uzağa baxa bilirmiş.

"Adamım yoxdu, məni yiyəsiz bilirlər deyə başıma gəlməyən oyun qalmayıb. Bax, gördüyünüz bu ev 3 otaq idi, qarşısında da aynəbənd vardı. Bir gün gəldim ki, evi buldozerlə dağıdıblar, uşaqlar da qalıb evin altında. Qonşumuz edib. Mənim həyətimə göz dikib, ona görə evimi dağıtdırıb. Qonşum "Lalə" şadlıq sarayının sahibi Həsən Əliyevdi. Burda da özü qalmır. Ev tikdirib, kirayəyə verib. Mənim evimi uçurdur" - söylədi R.Rüstəmova.

Gündəlik işindən gələn qadın həyətə girəndə evini uçmuş, daşları isə qanlı görüb. Övladlarının öldüyünü düşünərək, damarlarını kəsib. Bundan sonra müraciət etmədiyi ünvan qalmayıb. Üç dəfə Zakir Qaralovun qəbulunda olub və ailəlikcə Azərbaycan vətəndaşlığından imtina etmək istədiklərini deyib. Bu hadisədən sonra qonşu basqısı azalsa da, Nərimanov rayon İcra Hakimiyyəti evini yenidən tikməyə icazə verməyib: "Mən o vaxt buranı 40 min manata almışdım. Ev dəllalından almışıq. İki yerdə torpağımız vardı. Birini oğlumun doğum günündə yoldaşımın dostu pay vermişdi. 3 sot  yer idi. Birini də Heydər Əliyev bizə pay vermişdi. O da 4 sot idi. Torpağın biri Müşviqdə, digəri də Biləcəri idi. Onları satdıq, burdan ev aldıq. Ev dəllalı da yoldaşımın tanıdığı adam idi. Beş il burda yaşadıq. Beş ildən sonra bu qonşumuz gəldi ki, çıx burdan. Biz də burda 9 ildi qalırıq. Dörd ay icra hakimiyyəti qoymadı evi yenidən tikməyə. Uşaqlarımla orda-burda qalırdıq. Axırı icraya gedib dedim ki, vətənə 2 oğul böyüdürəm. Hansı Vətən uğrunda gedib döyüşəcək? Mənim oğlum 9 yaşında 1-ci sinifə gedib. Niyə? Mənə heç yerdən arayış vermədilər, ona görə".

Şikayətçi günlərlə ac qalsa da, buna görə heç vaxt bir adamın qapısına getmədiyini söyləyir. Hətta həyat yoldaşı Qarabağ qazisi olsa da, onun müalicəsi üçün belə dövlət qurumlarına müraciət etmədiklərini bildirdi: "Düz 5 ildi prezidentə yazıram. Birini də cavabı gəlməyib. Sonra da deyirlər: "Azərbaycan demokratikdi. Ancaq Azərbaycanda vəzifəsindən sui-istifadə edib, camaatın başında qoz sındırırlar. Birinin də xəbəri yoxdu".

Torbalardakı məktubları, məhkəməyə müraciət ərizələrini göstərir. Müraciətlərin çoxunu evinin uçurulmaması üçün edib. Ruhiyyə Rüstəmovanın evi ilə bağlı yaşadıqları problemlə əlaqədar  Nərimanov Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra hakimiyyətinin informasiya təminatı və təhlili sektorundan bildirdilər ki, suallarımıza yalnız icra hakiminin I müavini cavab verə bilər. Onu isə yerində tapa bilmədik.

"Ümid Partiyasının, Qarabağ Əlilləri Cəmiyyəti var, onun üzvüdü. Könüllülərdən olub. Şuşada, Ağdamda, Xocalıda, Laçında vuruşub. Şuşada, axırıncı dəfə isə Xocalıda yaralanıb. Gəncə hospitalından arayışı var. Bədəninə baxsanız, salamat yeri yoxdu. Elə bil aşsüzəndi. Beş il döyüşüb" - əri haqda danışır Ruhiyyə xanım.

Qarabağ qazisi Vahid Rüstəmovla heç nə danışa bilmədik. Biz qapıdan həyətə girəndə, o, çölə çıxdı. Müsahibəni bitirib geri döndükdə isə məhəllədə oturan gördük. Yaxınlaşmadı. Əslində üzünü bizdən gizlədirdi. Həyat yoldaşı ərinin utandığını söylədi. görəsən kim kimdən utanmalı idi?

Meydan.tv

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->