Ölkə 12:03 18.09.2020

Qarabağ veteranı ailəsi ilə 16 kv-lıq otaqda yaşayır - "Bizə kömək edin"

Qarabağ veteranı Cəlilov Məhərrəm Eyvaz oğlu ev problemi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevadan kömək istəyir.

Qaynarinfo Qarabağ veteranının mətbuata ünvanladığı məktubu kiçik ixtisarla dərc edir:

"... Hörmətli Mehriban xanım!

Siz hər zaman vətənimizin müdafiəsi zamanı müharibə veteranlarının və sağlamlığını itirərək əlil olmuş döyüşçülərimizə xüsusi diqqət və qayğı göstərmisiniz...

Mən sizin səxavətinizə və humanistliyinizə inanaraq bu məktubu yazıram.

Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr 5, mənzil 30 ünvanında ailəmlə birlikdə 1 otaqlı şəraitsiz evdə yaşayırıq. Vətən üçün, dövlət üçün, torpaq üçün döyüşən, Qarabağ veteranıyam. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşam.

3 May 1967-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Güney kəndində anadan olmuşam.

İlk hərbi xidmətimi, 1985-1987-ci illərdə Rusiya Federasiyasının Xabarovski vilayətində keçmişəm.

Qərbi Azərbaycanda baş verən konfiliktlər vaxtı ailəm ilə birlikdə Şəki şəhərinə köçərək orada məskunlaşmışdıq. Ailədə 4 qardaş, 1 bacı olmuşuq. Özümün və ailə üzvlərimin istəyilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə yüzlərlə vətənpərvər qardaşlarım kimi könüllü olaraq yollandım.

Qeyd edim ki, döyüş yolum 1993-1996-cı illər Ağdam və Tərtər cəbhəsindən keçir. Döyüşdə olduğum ərazilər Ağdərə, Mərquşavan, Çaylı, Madagez olub. Döyüşdüyüm Tərtər rayonundan evlənmişəm.

Qarabağ veteranıyam, ailəliyəm. Ailədə 4 (dörd) nəfərik. Bir övladım hal-hazırda hərbi xidmətdədir.

Yaşadığımız dənizçilər yataqxanasında dörd nəfərlik ailə üzvlərimlə birlikdə bir otaqlı 16 kv-lıq darısqal evdə yaşayırıq.

Ailə vəziyyətimizə görə, mənzil şəraitimizin yaxşılaşdırılması üçün 16.05.2014-cü ildə Bakı şəhəri Yasamal Rayon icra hakimiyyətinə müraciət etmişəm. Həmin tarixdən ev növbəsinə alınsam da, bu vaxta kimi heç bir tədbir görülməyib. Ailəmizin rahat yaşaması üçün bu barədə lazımı orqanlara göstəriş vermənizi xahiş edirik".