Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub. Klubun baş direktoru Ramin Şükürovun "Report"a verdiyi məlumata görə, klub ev oyunlarını "Rudolf Ton" arenasında keçirəcək.
Bununla əlaqədar klub rəhbərliyi - vitse-prezident Manfred Modli, operativ menecer Kristian Tonxofer və R.Şükürov ilə Şvexat şəhərinin meri Karin Bayer və ştadtratı (İdman İdarəsinin rəisi) Kristian Habisohn arasında müqavilə bağlanılıb. Klub rəsmiləri bu anlaşmanı "Qarabağ Vyana" üçün əlamətdar hadisə kimi dəyərləndirib.
Qeyd edək ki, Rudolf Ton stadionu 24 may 1980-ci ildə tikilib. 7 min tamaşaçı tutumuna malik arenanın inşası 11,7 milyon avroya başa gəlib. Əsasən, atletika yarışları üçün nəzərdə tutulan stadion 2001-ci ildən Şvexat şəhərinin keçmiş meri Rudolf Tonun adını daşıyır.
Şərhlər