Ekonomiks 11:48 17.11.2023

Qarabağda sahibkarlıq fəaliyyəti: Layihələr niyə gecikir?

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)

"Düşünmürəm ki, işğaldan azad olunmuş ərazilərə münasibət əsas iqtisadiyyata olan münasibətdən fərqli olacaq. Böyük ehtimalla bundan sonra da eyni və bənzər siyasətlər tətbiq ediləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, əsas iqtisadiyyat nə qədər liberal olacaqsa, işğaldan azad edilmiş ərazilərin də iqtisadiyyatı uzun müddətli dövrdə o qədər liberal olacaq:

"Amma bu günkü şərtlər daxilində həmin ərazilərdə sahibkarlığın inkişafı və biznes mühitinin, biznesə giriş-çıxışının sərbəstləşdirilməsi üçün müəyyən obyektiv və subyektiv faktorlar maneə yarada bilər. Obyektiv faktorlarla həmin ərazilərlə, mülkiyyət hüquqları ilə bağlı aydın baxışın olmaması və eyni zamanda prosedurların müəyyən edilməməsi, torpaqların ayrılmaması, onun istifadəyə verilməməsi ilə bağlı baxışın dəqiqləşdirilə bilməməsi və əvvəlki dövrlərdə mövcud olan əmlaklara yanaşmanın tam olaraq əmlak hüquqlarının hansı formada təsbit olacağı ilə bağlı məsələlərin aydınlaşdırılmaması və bu kimi faktorlar təsir göstərir. Bundan başqa ərazilərin tam olaraq minalardan və silah-sursat qalıqlarından təmizlənməməsi faktoru təsir göstərir. Subyektiv faktorlara aidiyyatı üzrə fəaliyyət göstərən qurumların bu istiqamətdə gecikmələrini aid etmək olar. Bürokratiya prosesi ləngidir, hansı ki, müasir dövrdə və Azərbaycan üçün xüsusi ilə ən ciddi resurslardan biri zamandır".

Rəşad Həsənov bu dövr ərzində zamanı dəyərləndirə bilmədiyimizi önə çəkib:

"Müəyyən qədər yaranmış problemlər, faktiki olaraq məsələlərin aydın olmaması, insanlara investisiyaya təminat verilməməsi bu istiqamətə meyilliyi artıq azaltmağa başlayıb. Sahibkarla investorlar arasında əvvəlki həyacan yoxdur. Bu olmadığı təqdirdə nə yerli, nə də xarici  investisiyanı həmin bölgələrə cəlb etmək o qədər də asan olmayacaq. Burada mütləq mülkiyyət hüquqları təsbit olunmalıdır. Hansı ki, bu  günkü yanaşmada qeyri-müəyyənliklər var. Sahibkarlara qısa müddətli dövrdə müəyyən şərait yaradılsa da, orada üzun müddətli dövr üçün  təminat verilmir”. 
 


Ekspert hesab edir ki, aydın yol xəritəsi və mexanizmlər formalaşandan sonra sahibkarlar mövcud hüquqlarından məhrum ola bilərlər:

"Yaxud da baş planlar hazırlanarkən həmin layihələr, qoyulan investisiyalar ləğv edilə bilər. Bununla bağlı ciddi risklər olduğu üçün indiki halda həmin ərazilərə investisiya axınını təmin etmək mümkin görünmür. Düşünürəm ki, hökumət daha çox bu istiqamətdə problemlərin həllinə yönəlməlidir”. 

Rəşad Həsənov bu məsələdə təşviqlərin əhəmiyyətli rol oynadığını qeyd edib: 

"Təşviqlərlə bağlı yanaşma təxminən aydınlaşıb. Fiskal, o cümlədən vergi, gömrük rüsumlarının güzəştlərinin verilməsi mexanizmləri dəqiqləşib və qüvvəyə də minib. Bundan əlavə komminal xidmətlərdən güzəştlərin verilməsi qüvvəyə minib. Götürülən kreditlərə görə faizlərin, subsidiyanın verilməsi ilə bağlı mexanizmlər aydındır. Sadəcə sadalanan əsaslar təmin olunmadan bu təşviqlər ciddi nəticələrə gətirib çıxarda bilməz. Bu baxımdan biz hazırda qeyd edilən istiqamətdə passiv dinamikanın nümayişini görmüş oluruq”. 

Ekspert insanlarda həmin torpaqlarla bağlı bir narahatlıq olduğunu dilə gətirib:

"Hökumət məsələləri dəqiqləşdirməyib. Burada subyektiv səbəblər ola bilər. Bu gecikmələrin özü istəlinən halda insanlarda narahatlıq yaradır. Niyə proses bu qədər gecikir? Nə üçün mexanizmlər aydınlaşmır? Amma şərtlər müəyyən edilmədiyi təqdirdə istisna hallar kimi hansısa sahibkarlıq subyektlərinə münasibət istisna mövqelərin, fərqli mövqelərin ortaya qoyulması bilmirəm nə qədər məntiqlidir. Bəzi hallarda müşahidə edirik. Amma düşünürəm ki, bu kimi istisnalarla nəticə də əldə etmək olmaz. Aydın baxış və çərçivələr olmalıdır. Hər kəsin bazara sərbəst giriş-çıxışı təmin olunmalıdır”. 

Rəşad Həsənov həmçinin işğaldan əvvəl Qarabağda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların işğaldan sonra orada fəaliyyəti davam etdirməsi ilə bağlı imkanların verilməsinə əmin olmadığını vurğulayıb: 

"Mülkiyyət hüquqları məsələsi var. Əgər mülkiyyət hüququnu təsdiq edən sənəd varsa, onun hansısa formada kompensasiyası edilməlidir. Əgər layihələr fərqlidirsə, bu zaman kompensasiyalar ödənilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşının mülkiyyət hüquqları Azərbaycan Konstitusiyası ilə qorunan ən təməl hüquqlardan biridir”. 

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.