Fransız riyaziyyatçılar Olivye Bonnassye və Mişel-İv Bollore özlərinin yeni kitabında Tanrının varlığını elmi baxımdan əsaslandırmağa cəhd ediblər. Onların əsəri 62 Nobel mükafatı laureatının və 100-dən çox tanınmış alimin fikirlərinə əsaslanır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Tədqiqatçılar bildirirlər ki, bir zamanlar elm Tanrı anlayışına zidd hesab olunsa da, indi elm Tanrının müttəfiqinə çevrilib. Müəlliflərə görə, Böyük Partlayış nəzəriyyəsi, DNT və insan genomunun kəşfi kimi elmi nailiyyətlər Tanrının varlığına dair rasionallığı olan sübutlar təqdim edir.
Onların fikrincə, Böyük Partlayış zamanı zaman, məkan və maddənin yaranması sual doğurur: bu prosesi "nə” və ya "kim” başladıb? Çünki ondan əvvəl səbəblər və fizika qanunları mövcud deyildi. Elm bu başlanğıcı izah edə bilmədiyi üçün bəzi alimlər kainatın yaradılışında yaradıcı bir qüvvənin rol oynadığını ehtimal edirlər.
Bonnassye və Bollore həmçinin təbiətdəki sabit fiziki parametrlərin — cazibə qüvvəsi, elektromaqnit qarşılıqlı təsiri və temperaturun dəqiqliyinin — təsadüfi olmasının son dərəcə az ehtimallı olduğunu vurğulayırlar. Onların fikrincə, bu qədər mükəmməl uyğunluq ya inanılmaz dərəcədə təsadüf, ya da Ağıllı Yaradanın planının nəticəsidir.
Həyatın mənşəyi də hələ də sirr olaraq qalır. Cansız maddədən DNT kimi mürəkkəb kodlaşdırma sisteminin yaranması tədqiqatçılara görə, sadəcə təsadüf kimi izah edilə bilməz. Hətta ateist alim, DNT-nin quruluşunu kəşf edən Frensis Krik belə bunu "demək olar ki, möcüzə” adlandırmışdı.
Eynşteynin nisbilik nəzəriyyəsi də zaman və məkan anlayışını dəyişdirərək fəlsəfi və dini paralellər yaradıb. Müəlliflər qeyd edirlər ki, əgər işıq kainatda yeganə sabitdirsə və Tanrı Müqəddəs Kitabda "dünyanın işığı" kimi təsvir edilirsə, bu iki anlayış arasında əlaqə düşündüyümüzdən daha yaxındır.
Kvant fizikası isə göstərir ki, reallıq dərin səviyyədə qeyri-müəyyəndir və səbəb-nəticə prinsiplərindən kənar şəkildə işləyə bilər. Bu isə alimlərə fiziki aləmin fövqündə başqa bir – metafizik – reallığın mümkünlüyünü düşündürür.
Bonnassye və Bollore nəticəyə gəlirlər ki, bu gün Tanrının mövcudluğuna dair sübutlar "bol, aydın və rasional” xarakter daşıyır. Onların fikrincə, Tanrının kainatda qoyduğu izlər, bəşəriyyətin milyardlarla dollar xərclədiyi hipotetik yadplanetli axtarışlarından daha real və hiss ediləndir.
Aydın
Şərhlər