İdman 10:13 01.09.2018

"Qarabağ"ın Avroliqadakı oyunlarının saatı və stadionları açıqlandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının keçiriləcəyi stadionlar və başlama saatları müəyyənləşib.

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E qrupunda yer alacaq Azərbaycan çempionu ev matçlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

İlk matç oktyabrın 4-də İngiltərənin "Arsenal" klubu ilə baş tutacaq. "Qarabağ" həmin ayın 25-də Ukraynanın "Vorskla" klubunu qəbul edəcək. Hər iki görüşün start fiti saat 20.55-də çalınacaq.

Azərbaycan çempionu son ev oyununu noyabrın 29-da isə mərkəzi arenada Portuqaliyanın "Sportinq" klubuna qarşı keçirəcək. Bu görüş saat 21.55-də start götürəcək.

"Qarabağ" ilk səfər oyununu sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabondakı "Joze Alvalade" stadionunda "Sportinq"ə qarşı keçirəcək. Matçın start fiti Bakı vaxtı ilə saaat 23.00-da çalınacaq.

Qurban Qurbanovun başçılıq etdiyi kollektiv noyabrın 8-də Ukraynanın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda "Vorskla", dekabrın 13-də İngiltərənin paytaxtı Londondakı "Emirates" stadionunda "Arsenal"la üz-üzə gələcək. Bu görüşlər Bakı vaxtı ilə saat 24.00-da start götürəcək.