İdman 17:30 17.09.2019

"Qarabağ"ın futbolçusu: ""Düdelanj" və APOEL-i üstələyə bilərik"

"Bu, xüsusi oyun olacaq. Belə böyük komanda ilə qarşılaşmaq həmişə möhtəşəm duyğudu. Üstəlik, rəqib ispan klubudusa, daha çox məna kəsb edir". 

Qaynarinfo xəbər verir ki, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel deyib.

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin I turu ərəfəsində İspaniya mətbuatına müsahibə verib. Miçel "Sevilya” ilə oyun öncəsi fikirlərini açıqlayıb: "Əgər rəqib İspaniya klubudusa, əlavə stimul da var. "Sevilya”ya qarşı ilk oyunumu hələ də xatırlayıram. "Xixon”la, sonra isə "Xetafe” ilə bu komandaya qarşı oynamışam. Püşkdən sonra komanda yoldaşlarıma "Sançes Pisxuan”da oynamağın necə gözəl hiss olduğunu dedim. Biz əla komanda ilə qarşılaşacağıq. Əlbəttə, rəqib barədə məlumatlıyıq. Düzdü, "Sevilya”ya yeni oyunçular da gəlib. Lakin rəqabət ab-havası qalmaqdadı".

İspaniyalı futbolçu "Sevilya"nı Avropa Liqasının favoriti hesab edir: "Heç kim La Liqada təsadüfən lider olmaz. Görünür, Xulen Lopeteqi komandaya fikirlərini çatdırmağı bacarıb. Aydın məsələdi ki, "Sevilya" Avropa Liqasını qazanmağa namizədlərdən biridi. Bəlkə də, ən güclüsü onlardı. Mürəkkəb duel bizi gözləyir. 90 dəqiqə ərzində konsentrasiyanı itirməməyə çalışacağıq".

"Sevilya"ya qarşı oynamağın mümkünlüyündən bəhs edən Miçel qrupdakı şanslarını da dəyərləndirib: "Çempionatda keçirdiyimiz oyunların hamısında hələ ki, qələbə qazanmışıq. Klubumuz çox yaxşı təşkil olunub, hər il bir addım da irəli atırıq. Artıq neçə ildi ölkə çempionu oluruq, Avropa arenasında da inkişaf edirik. İki il əvvəl Çempionlar Liqasında "Çelsi"yə qarşı oyunlar istisna olmaqla, hər şey yaxşı idi. "Atletiko" ilə hər iki görüşdə bərabərə qaldıq. Məncə, onları təəccübləndirdik. "Atletiko"ya qarşı oynamaq gözəl idi. Çünki belə matçlarda gözləntilər böyük olur. "Sevilya"ya qarşı da aqressiv oynamalıyıq. Onlarla başabaş oynamağın mümkünsüz olduğu söyləmək doğru olmaz. Amma bizi necə ağır sınağın gözlədiyini bilirik. Qrupdakı digər rəqiblərimizdən "Düdelanj"la üç il əvvəl seçmə mərhələdə qarşılaşmış və qalib gəlmişdik. Bu yay isə APOEL-lə gücümüzü sınamaq imkanımız oldu. Cənubi Kiprdə biz, Azərbaycanda onlar qalib gəldi. Düşünürəm ki, "Düdelanj" və APOEL-i üstələyə bilərik. Ancaq bunu meydanda sübut etməliyik".