Bu gün "Qarabağ” Konfrans Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Ağdamlılar Bakıda Qazaxıstan təmsilçisi "Kayrat”la qarşılaşacaq. Komandanın sabiq futbolçularından olan İlqar Qurbanov sözügedən matçla bağlı fikirlərini bildirib.
Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Qarabağ”ı bu gün maraqlı və gərgin oyun gözləyir. Mətbuatdan oxuduğuma görə "Kayrat”da müəyyən problemlər var. Bəzi futbolçuları oynamayacaq. Amma bu heç nəyi əks etdirmir. Belə bir liqada, səviyyəli komandalar sözsüz ki, bir oyunçuya görə oyuna baxmırlar. Həm də komandanın baş məşqçisi güclü, sözünü demiş bir insandır. Həmişə taktiki oyun üslubuna görə fərqlənib. "Qarabağ” doğma meydanda oynayacaq. Asan olmasa da şanslar var. Bu oyun çox vacibdir, 3 xal qazansalar qrupdan çıxmaq ehtimalı yüksələcək. Digər tərəfdən iki, "Bazel” və "Kayrat”la səfər matçı qalır. Sadəcə, demək istəyirəm bu gün 3 xal qazanmaqla heç nə bitməyəcək. Hamı danışır ki, bu oyunda 3 xal qazansalar növbəti mərhələyə yüksələcəklər. Amma belə deyil, iki səfər oyunu qalıb. İstər-istəməz çətin olacaq. "Qarabağ” həmişə gözəl oyunu ilə azarkeşlər sevindirib. İnşallah, bu gün 100 faiz qələbə olar. Oyuna taktiki baxımdan iki güclü məşqçinin dueli deyə bilərəm. Əslində, nəticə deyil, taktiki baxımından oyun mənim üçün də maraqlıdır”.
Qurbanov rəqibləri müqayisə edərkən bunları söylədi: "Əlbəttə, Bakıdakı oyunda "Qarabağ” "Bazel”dən daha üstün oynadı. Amma onlar göstərdi ki, keyfiyyətləri var. İstər-istəməz səfərdəki oyun çətin olacaq. Bakıda heç-heçə etmələri o demək deyil ki, İsveçrədə rahat oynayacaqlar. Amma "Qarabağ” həmişə səfərdə yaxşı oyun nümayiş etdirir. Bu bir qədər bizi rahatlaşdırır. Ümumilikdə qrupu dəyərləndirsəm, asan rəqib görmürəm. "Kayrat”la səfər oyunu noyabr ayına düşəcək. Həmin vaxt isə Qazaxıstanda hava kəskin olur. Mən keçmiş futbolçu kimi hərtərəfli fikirləşirəm. İstər-istəməz onlar həmin hava şəraitinə daha yaxşı uyğunlaşıblar. "Bazel”in də ev oyunlarına baxmışam, fərqli çıxış edirlər. Buradakı oyunları alınmadısa, o demək deyil ki, zəifdirlər. İnsanlar aldanmasın, "Bazel” köklü klubdur. "Qarabağ” üçün iki ağır səfər matçı var. Yəni, "Kayrat”la matçda qələbə heç nəyi həll etmir, sadəcə, bir addım irəli gedə bilərlər. Qrupdakı komandaları səviyyə baxımından dəyərləndirsəm, "Qarabağ”ı bir qədər üstün tutaram. Ümumiyyətlə çox qəliz qrupdur. Konkret nəsə demək çətindir. Konfrans Liqasının asan olduğunu düşünsək də, gördük ki, Avroliqadan geri qalmır. Burada həm Çempionlar Liasında, həm də Avroliqada oynayan komandalar var”.
Səbuhi Həsənov
Şərhlər