Siyasət 19:00 13.01.2022

Qarabağla bağlı tenderlərin şəffaflığına necə nail olmaq olar? - Ekspert

"Keçiriləcək tenderlər canlı yayımla televiziyada yayımlanmalı, şirkətlər görəcəyi işlərlə bağlı cəmiyyəti məlumatlandırmalı və xarici şirkətlər də prosesə cəlb olunmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli azad edilmiş ərazilərdə aparılacaq inşaat işləri üzrə keçiriləcək tenderlərdə maksimum şəffaflığın təmini üçün hansı addımların atılmasının vacibliyindən danışarkən deyib:

"Tender və dövlət satınalmaları uzun illərdir ki, ciddi müzakirə mövzusudur. Çünki zaman-zaman bu sahədə ciddi problemlərin olduğu, əsasən məmurlara bağlı bir günlük şirkətlərin dövlət tenderlərində qalib gəlməsi dəfələrlə mediada da ciddi müzakirə predmeti olub. Tenderlərin normal keçirilməsinin yeganə yolu, təbii ki, şəffaflığın təmin edilməsidir. 

Bir çox ölkələrdə dövlət satınalmaları və tenderləri canlı yayımla televiziyalar vasitəsilə yayımlanır. Nəticədə geniş kütlənin, cəmiyyətin prosesi izləmək hüququ olur. Bundan başqa, tenderdə iştirak edən şirkətlər prosesdən öncə mətbuat konfransı təşkil edirlər. Burada onlar görəcəkləri işlər, təcrübələrilə bağlı ictimaiyyətə məlumat verirlər”. 

N. Cəfərliyə görə, tenderlərdə iştirak edən şirkətlər cəmiyyətə tam açıq olmalıdır: 

"Amma Azərbaycanda şirkətlər bu işləri gizli görməyə üstünlük verirlər. Hətta milyonluq tenderi udan şirkətlərin saytlarının belə olmadığı üzə çıxır. Bu da qeyri-şəffaflıqdan xəbər verir. Ona görə də, bundan sonra keçiriləcək tenderlərdə şəffaflığa nail olmaq üçün yuxarıda qeyd etdiyim kimi, geniş ictimaiyyət prosesdən xəbərdar olmalıdır. Buna tenderlərin canlı yayımını təşkil etmək, şirkətlərin görəcəkləri işlər barədə məlumat vermələri yolu ilə nail olmaq olar. Başlanğıc olaraq bu iki hal tenderlərdə şəffaflığın yaranmasına ciddi əsaslar yaradacaq”.

Prosesə xarici şirkətlərin cəlb edilməsi də ekspertə görə, tenderlərin şəffaflığında mühüm rol oynaya bilər: 

"İndilikdə isə bəzi hallarda xarici şirkətlərin tenderlərdə iştirakına müəyyən maneələr törədilir. Bunlar aradan qaldırılsa, ölkəmizdə keçirilən tenderlərə etibar da artar”. 

Rüfət Sultan