Xəbər lenti

“Qaraçılar məhəlləsi”ndəki hadisəyə görə 21 nəfər saxlanılıb
Ölkə 14:43 21.05.2020

“Qaraçılar məhəlləsi”ndəki hadisəyə görə 21 nəfər saxlanılıb

Yevlaxda "Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğuna cavabında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: "Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin "Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->