Yeni araşdırmaya görə, 2022-ci ildə dünyada təxminən 870 min nəfərə hepatoselüler karsinoma (HCC) diaqnozu qoyulub.
Qaynarinfo-nun məlumatına görə, Dr. Veysel Umman "CNN Türkl"ə bildirib ki, bu rəqəmin 2050-ci ildə 1,5 milyonu keçəcəyi gözlənilir.
"HCC dünya üzrə ən çox rast gəlinən altıncı xərçəng növüdür və xərçəng səbəbli ölüm hallarının üçüncü ən geniş yayılmış səbəbidir. Yalnız yayılma tezliyi ilə deyil, yüksək ölüm göstəriciləri ilə də diqqət çəkir və buna görə də ciddi bir sağlamlıq problemi olaraq qalır", deyə mütəxəssis bildirib.
"Bu araşdırma, illərdir bu sahədə gördüyümüz gerçəkləri elmi məlumatlarla ortaya qoydu" deyən Veysel Ummanın sözlərinə görə, qaraciyər xərçəngi taleyin hökmü deyil, vaxtında aşkarlandıqda qarşısı alına bilən bir xəstəlikdir: "Hepatit peyvəndləri, çəkiyə nəzarət, alkoqol istehlakının azaldılması və mütəmadi tibbi müayinələrlə bu xərçəngin qarşısını almaq mümkündür".
Hepatit B daşıyıcılığının geniş yayılması səbəbindən qaraciyər xərçəngi hallarının böyük hissəsinin bu infeksiya ilə bağlı olduğunu qeyd edən Veysel Umman son illərdə artan MASLD (metabolik disfunksiya ilə əlaqəli steatotik qaraciyər xəstəliyi) - yəni qaraciyər piylənməsi probleminə diqqət çəkib. O, artıq çəki və diabetlə bağlı qaraciyər piylənməsi hallarının ciddi şəkildə artdığını vurğulayıb:
"Bu xəstəlik artıq çəki, insulin müqaviməti, yüksək qan təzyiqi və yüksək xolesterin kimi metabolik pozğunluqlarla yanaşı görülür. MASLD irəlilədikcə sirroza, daha sonra isə qaraciyər xərçənginə çevrilə bilər. Xüsusilə alkoqol istifadə etməyən, lakin qaraciyəri piylənmiş və sirrotik hala gəlmiş şəxslərdə də xərçəngin inkişaf edə bildiyini göstərməsi baxımından bu mühümdür".
Veysel Umman qaraciyər xərçənginin sürətlə artmasının başlıca səbəblərini Hepatit B və C viruslarının geniş yayılması, alkoqol istifadəsi, piylənmə, qaraciyər piylənməsi və diabetin çoxalması ilə izah edib. Onun sözlərinə görə, peyvəndləmə kimi önləyici tədbirlər xüsusilə inkişaf etməkdə olan ölkələrdə kifayət qədər həyata keçirilmir. İnkişaf etmiş ölkələrdə isə sağlam olmayan qidalanma və hərəkətsiz həyat tərzi, qaraciyərin piylənməsini ciddi risk faktoruna çevirir. Uzunmüddətli alkoqol istifadəsi də sirroz və nəticədə HCC-yə səbəb olur. Bu üç əsas faktor HCC hallarının 60 faizindən çoxunun səbəbidir və hamısı qarşısı alınan amillərdir.
"İndiyə qədər çoxları qaraciyər xəstəliklərini yalnız alkoqolla əlaqələndirirdi. Halbuki, yeni məlumatlar göstərir ki, sağlam olmayan qidalanma, artıq çəki və hərəkətsiz həyat da qaraciyərə eyni dərəcədə ziyan vurur. Hətta bəzi şəxslərdə xərçəng sirroz inkişaf etmədən də yarana bilər", deyə Umman bildirib.
O, artıq çəkili şəxslərin, şəkər, təzyiq, xolesterin xəstələrinin, qaraciyərində piylənmə aşkarlananların, ailəsində qaraciyər xəstəliyi olanların, hepatit virusu daşıyıcılarının və peyvənd olunmamış şəxslərin ildə ən azı bir dəfə qan testləri və qaraciyər müayinələri etdirməsinin vacibliyini vurğulayıb. Ən təsirli müalicə yollarından biri də çəki itkisi, aktiv həyat tərzi, sağlam qidalanma, alkoqolun məhdudlaşdırılması və hepatit peyvəndidir.
HCC-də də digər xərçənglərdə olduğu kimi erkən diaqnozun həyati əhəmiyyət daşıdığını deyən Umman, 6 ayda bir qaraciyər ultrasəs müayinəsinin riskli şəxslər üçün vacib olduğunu qeyd edib.
Hesabatın ən mühüm nəticələrindən biri də budur: qaraciyər xərçənglərinin ən azı 60 faizi hepatit B və C, metabolik xəstəliklər (MASLD) və alkoqol istifadəsinin qarşısı alınmaqla əngəllənə bilər.
Umman bildirib ki, bu problemin həlli üçün peyvəndləmə, tarama, sağlam həyat tərzinin təşviqi və dövlət səviyyəsində siyasətlər zəruridir. Qaraciyər yağlanmasının ciddi qəbul edilməsini və mütəmadi nəzarətin vacibliyini vurğulayan həkim deyib: "Əks halda 2050 çox tez gələ bilər və gec ola bilər".
Aydın
Şərhlər