Məşhur amerikalı televiziya ulduzu Kim Kardaşyanın babalarının Qars və Ərzrumda yaşamasının iddia olunması Qarsın Karakale kəndinin sakinləri tərəfindən etirazla qarşılanıb.
Qaynarinfo xəbər verir ki, kəndlilər Kardaşyan ailəsini qəbul etmədiklərini bildiriblər.
İngiltərənin "Daily Mail" qəzetinin apardığı araşdırmada erməni əsilli teleulduzun soyunun Qars və Ərzruma gedib çıxdığını, babalarının bu ərazilərdə yaşadığı bildirilir. Lakin kəndlilər bu araşdırmanın heç nəyi sübut etmədiyini deyir.
"Kim Kardaşyanın buralı ola bilməsi üçün öncə insanın soy-kökünü bilməsi lazımdır. Bu torpaqlarda bir çox insanlar yaşamış ola bilər. Amma insanın vətəni öncə doğulduğu, yaşadığı, öldüyü yerdir. Kim Kardaşyan nə burda doğulub, nə də burda yaşayıb, nə də burda öləcək. Bütün bunlar boş, yalan sözlərdir. Özünü yormasın, o buralı ola bilməz, biz əsla onu qəbul etmirik. Kardaşyan bizim kəndçimiz deyil" deyə Karakale kəndinin sakinləri bildirib.
Muammer Çopurun Kardaşyanın 4 nəsil öncədən qohumu olduğu barədə sözlərini təkzib edən kənd sakini Ercan Ulunyege Çopurun gənc olduğunu və teleulduzun xoşuna gəlmək üçün belə bir cümlə işlətdiyini deyib: "Qarsın Karakalesi var. Amma bir neçə Karakale var, qəzalar var. Bəlkə qəzalardandır? Burdan deyil. Bunun hər hansı sübutu varmı? Guya 1915-ci ildə köçüblər. Bir gənc Kardaşyanın xoşuna gəlmək üçün deyib. O da xoşuna gəldiyi üçün deyib ki, bizim qohumumuzdur".
Qeyd edək ki, "The Sun" qəzetinin Karakaleyə gələn əməkdaşlarına açıqlama verən Mammer Çopur adlı gənc Kim Kardaşyanla qohum olduqlarını bildirib. Lakin bu iddia çox keçmədən təkzib olunub. Bildirilir ki, məşhurlaşmaq və varlanmaq iddiasında olan Muammer Çopur bu məqsədlə belə bir açıqlama verib.
Muammer Çopurun kəndin muxtarı olan əmisi oğlu Atilla Çopur da onun dediklərini təkzib edib: "Kənddə Kim Kardaşyanın qohumlarının yaşadığı bildirildi. Nə qədər doğru olduğunu bilmirik. Amma bizim qohumumuz deyil. Uzaqdan-yaxından hər hansı bağlılığı yoxdur".
Aydın
Şərhlər