Ölkə 16:51 24.02.2020

Qazi kimdir, Qarabağda döyüşmüş şəxslərə qazi demək olarmı? (Araşdırma)

Son dövrlərə qədər müharibədə döyüş zamanı yaralanan şəxslərə "müharibə veteranı” deyilsə də, artıq bu söz demək olar ki, dilimizdən çıxıb, həmin şəxslərə müraciət üçünsə "qazi” sözü işlədilməyə başlanıb. 

Bu söz insanlar arasında da müxtəlif fikir ayrılıqlarına gətirb çıxarır. Bəzi şəxslər düşünür ki, o ordunun əsgərinə qazi demək olar ki, onlar müharibədən qalib ayrılsın, bəziləri isə elə bu ifadənin qalib və ya məğlub fərq etmədən müharibədə iştirak edib yaralanan şəxslərə deyilməsini doğru hesab edir.

Bəs qazi kimə deyilir? Məğlub ölkənin döyüş iştirakçısına qazi demək olarmı?

Qaynarinfo bu fikir ayrılıqlarına aydınlıq gətirmək üçün ekspertlərin fikirlərini öyrənib, sözün Türk və Azərbaycan dili lüğəntindəki hərfi mənalarını araşdırıb:

İlahiyyatçı alim Nəriman Qasımoğlu bildirib ki, şəhid sözünün dini məzmunu olsa da, qazi sözünün heç bir dini məzmunu yoxdur. Qazi sözü ərəb dilində "qəz” işğal edən mənasında səslənir.

 "İndi işğal edən də qalib olur. Bu, ərəbcədən gəlmə bir sözdür. Şəhid sözünün dini məzmunu var, amma qazi sözünün heç bir dini məzmunu yoxdur”. 
"Uduzan ordunun yaralanan əsgərinə də qazi demək olarmı” sualını cavablandıran alim bildirib ki, əlbəttə, ancaq qələbə halında, hansısa torpağı gedib tutduğun zaman sən qazi ola bilərsən: 

"Sözün məna tutumunda, informativ yükündə "işğal edən”, "tutan” sözü var. Qələbə sözü bizdə qalibdir, bizim dilçilər ərəbcədən keçən bəzi sözləri əsl mənasından kənarlaşdırır. Amma konkret olaraq bu sözün dini mənası yoxdur”. 

Şəhid sözünün dini mənasına da toxunan Nəriman Qasımoğlu bildirib ki, sözün mənası "şahidlik etmək”, ilahinin qüdrətinə şahidlik etmək, onun dəyərlərinə, varlığına, təkliyinə, dəlillərinə və s. şahidlik etməkdir:

"Tək vətən yolunda yox, elə alim də öləndə ona "şəhid oldu” deyirlər. Peyğəmbərin kəlamlarından birində də var ki, alimin qanı şəhidin qanından qiyamətdə üstün gələr. Təkcə döyüş səhnəsində yox, öz şərəfini, evini qoruyan şəxs də həlak olursa, şəhid statusu almış olur”.

Tanınmış jurnalist, "Avropa.info” saytının redaktoru Rəsul Mirhəşimlinin fikrincə isə, vətənin müdafiəsi uğrunda döyüşlərə qatılıb, savaşdan sağ çıxan hər kəs qazidir: 

"Qazi kəlməsinin kökü müsəlmanlıqla bağlıdır. Düşmən təcavüzünün qarşısının alınmasında iştirak edən döyüşçülərin Vətən qarşısında müstəsna xidmətləri var. Nəzərə alsaq ki, Qarabağ uğrunda ilk döyüşlər başladığı zaman ərazi müdafiə dəstələrinin, sonralar isə ordunun formalaşması əsasən könüllü döyüşçülərdən ibarət olub, o halda bu insanların xidmətlərini danmaq olmaz. Veteran sözü ruscadan gəldiyi üçün bizdə bu ifadənin əvəzinə Türkiyədə olduğu kimi, "qazi” sözündən istifadə olunur”.

Bu gün işlətdiyimiz qazi sözünə son illər Türkiyə mediasında tez-tez rast gəlirik. 

Türkiyədə qazi Türkiyə Silahlı Qüvvələrinin üzvləri olub, Türkiyə Respublikası dövləti sərhədlərini qorumaq və təhlükəsizliyini təmin etmək vəzifəsi ilə hərbdə və ya dövlətin suvenrliyini hədəf alan terror təşkilatlarına qarşı daxili və xarici mübarizədə hər növ düşmən və ya terrorist silahlarının təsiri və ya hərb bölgəsindəki hərəkat və xidmətlər sırasında yaralanan və aldıqları müalicə haqda rəsmi şəkildə sənədi olan şəxslərə qazi ünvanı verilir.

Azərbaycan dili lüğətində isə "qazi” sözünün izahı aşağıdakı kimi verilib:

1. Dini müharibədə döyüşən, cihad edən, qalib gələn, bəzi müsəlman ölkələrində hərbi sərkərdələrə verilən ad. 

2. Orta əsrlərdə müsəlmanların kafirlərə qarşı apardıqları müqəddəs müharibələrin (qəzavatın) iştirakçıları.

Günay İlqarqızı