Ölkə 15:37 29.07.2021

Qazilərlə bağlı sürücülük vəsiqəsi təklifinə deputat da, polis polkovniki də tərəfdar çıxdı

"Konkret olaraq əlilliyi olan vətəndaşlarımıza sürücülük vəsiqəsinin verilməsi ilə bağlı biz də vaxta baxılması və vaxtın uzadılması, eyni zamanda əlillik statusunda xüsusi dəyişiklik baş verməyibsə, həmin müddətin ödəniş olmadan avtomatik olaraq uzadılmasını təklif edirik”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov əlillərə sürücülük vəsiqəsinin pulsuz verilməsi ilə bağlı təklifə münasibətində deyib. Deputat hesab edir ki, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, dövlət qayğısının artırılması Azərbaycanda hər zaman prioritet  məsələlərdəndir:
"Əlillik müavinətlərinin artırılması və bu istiqamətdə yeniliklərin tətbiq edilməsi birbaşa əlilliyi olan vətəndaşlarımızın sosial müfdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu konteksdən mütəmadi olaraq qanunvericiliyə, eyni zamanda bu istiqamətdə müxtəlif, xüsusən Nazirlər Kabinetinə təqdim edilən qaydalara dəyişikliklər edilir və qaydaların təkmilləşdirilməsi həyata keçirilir. Məsələn, vətəndaşımız ikinci qrup əlilldir, sürücülük vəsiqəsi əldə edir, avtomobil idarə edir. Sürücülük vəsiqəsinin müəyyənləşmiş müddəti başa çatdıqdan sonra onun səhhətində hər hansı bir dəyişiklik baş vermirsə, o zaman avtomatik olaraq onun sürücülük vəsiqəsinin vaxtının uzadılmasının həyata keçirilməsi məqsədəuyğun olardı. Bu zaman təklif edirik ki, həmin şəxsdən hər hansı əlavə ödəniş tələb olunmasın”.
 
 

Vüqar Bayramov eləcə də müddətin artırılmasını məqsədəuğun sayır:

"Çünki iki il qısa müddətdir. Nəzərə alsaq ki, əlillik dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar növbəti ilin yayından tətbiq olunacaq, ona görə də daha yaxşı olardı ki, müddətin uzadılması və əlillik dərəcəsi müəyyənləşən zaman artıq tətbiq olunacaq faizlərə uyğun olaraq da müddətin diferensial olaraq müəyyənləşməsi həyata keçirilsin. Xüsusən də faiz baxımından sağlamlıq imkanlarını nisbətən az itirmiş əlillik dərəcəsi olan vətəndaşlarımız üçün daha uzunmüddətli vaxtın müəyyənləşməsi daha uyğun olardı. Bu baxımdan həm müddətə baxılması və yeni qaydalara uyğun olaraq həmin vaxtın uzadılması məqsədəuyğundur. Digər bir tərəfdən isə müddət başa çatdıqdan sonra əgər həmin vətəndaşın sağlamlığında xüsusi bir geriləmələr olmasa və avtomobil idarə etmək imkanını saxlayıbsa, onun sürücülük vəsiqəsinin vaxtının avtomatik olaraq ödənişsiz uzadılması yaxşı olardı”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da Qaynarinfo-ya açıqlamasında təklifi dəstəklədiyini bildirib:

"Bu təklifi bəyənirəm və hesab edirəm ki, edilən təklif düzgündür, amma bu məsələyə münasibəti Baş Dövlət Yol Polis İdarəsi bildirməlidir. Təklifi qəbul edirəm, amma qanunvericilikdə bununla əlaqəli dəyişiklik olmalıdır. Dəyişikliyin də edilməsi üçün təklif göndərilməli və qəbul edilməlidir”.
 
 

Qeyd edək ki, tanınmış Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu əlillərə sürücülük vəsiqəsinin pulsuz verilməsi təklifi ilə çıxış edib:

 "Əlillərə sürücülük vəsiqəsi 2 illik, sağlam insanlara isə 10 illik verilir. Sürücülük vəsiqəsinin dövlət rüsumu isə 29 manatdır. Əlil hər 2 ildən bir 29 manat ödəyir. Deməli, sağlam insan sürüclük vəsiqəsi üçün 10 ilə 29 manat, əlil isə 145 manat ödəməlidir. Niyə? Olmazmı ki, əlilərə də sürücülük vəsiqəsi 10 illik verilsin?”.

Bahar Rüstəmli