Xəbər lenti

“Qəbələ”nin futbolçusu: “Millidə rəqabət haqda danışmaq hələ tezdir”
İdman 10:07 22.09.2021

“Qəbələ”nin futbolçusu: “Millidə rəqabət haqda danışmaq hələ tezdir”

"Qəbələ”nin heyətində hələ ki, özünü yaxşı tərəfdən göstərən gənc futbolçulardan biri də Ülvi İsgəndərovdur. Bu mövsüm meydana çıxdığı dörd matçın üçündə fərqlənməyi bacaran Ülvi həm də hazırda Premyer Liqanın bombardirlər siyahısında yer alıb. Yığmanın toplanışlarına çağrılan 24 yaşlı hücumçu həm komandasının çıxışı, həm də qarşısına qoyduğu hədəflərdən danışıb.

Oyunlarda əsasən ehtiyatdan meydana çıxmasına baxmayaraq, qollarını sıralayan İsgəndərov Qaynarinfo-ya müsahibəsində əvvəlcə mövsümə uğurlu başlayan "Qəbələ”nin "Səbail”lə oyunu haqda bunları söyləyib: 

"Komandada ab-hava çox yaxşıdır. Qələbələr gəldikcə ab-hava da yaxşı olur. "Səbail” də çempionata çox yaxşı başlayıb. Bu oyunun çətin olacağını bilirdik. Məşqçi əvvəlcədən öz tapşırıqlarını vermişdi. Rəqibi həftə boyu yaxşı analiz etmişdik. Birinci hissə çox çətin keçdi. Şükürlər olsun, ikinci hissədə inamlı qələbə qazandıq”.

Futbolçu ötən mövsümlə müqayisədə komandasında hansı dəyişikliklər olması ilə əlaqədar suala belə cavab verib: 

"Keçən il də çox yaxşı oyunlar keçirirdik. Sadəcə, son nöqtəni qoya bilmirdik. Komandada hər şey qaydasındadır. Bir neçə dəyişiklik oldu. Yeni transferlər də gücümüzə güc qatdı. Kollektivə tez öyrəşdilər. Ümumuiyyətlə, demək olar, keçən ildən bəri elə də böyük dəyişiklik edilməyib. Əvvəlki futbolçuların bir çoxu heyətdədir. Yalnız bir neçə nəfər transfer olunub. Mehribanlıq var. Əsas rol oynayan da budur”.

"Səbail”lə matçdan sonra 3 qolla bombardirlər siyahısında yer alan perspektivli futbolçu bu mövsüm qarşısına qoyduğu hədəflərdən də danışıb: 

"Əlbəttə, çoxlu qollar vurmaq, komandama faydalı olmaq istəyirəm. Əsas budur. Ancaq bu haqda danışmaq tezdir, çünki hələ cəmi 4 tur keçib. Qarşıda çox oyunlar var”.

Maraqlıdır ki, İsgəndərovun start heyətində yer almaqla bağlı baş məşqçi ilə söhbətləri olubmu: 

"Xeyr, hələ belə söhbətlərimiz omayıb. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə, 5 dəqiqə şans verirsə, bundan istifadə etməyə çalışıram. Onun fikirlərinə hörmətlə yanaşıram. İnşallah, gələcəkdə əsas heyətdə şans verəcək. Əlbəttə, ilk "11-lik”də oynamağa özümü hazır sayıram. Niyə də saymayım? Rəqabət hər yerdə var. Bu işi seçmişəmsə, rəqabət aparmalıyam”.

Millinin toplanışına dəvət alsa da, hələ ki, "18-liy”ə salınmayan Ülvi, Ramil Şeydayev, Mahir Emreli, Namik Ələskərov kimi futbolçularla rəqabət apara biləcəyi ilə bağlı sualı belə cavablandırıb: 

"Bu məni həvəsdən salmır. Niyə salsın ki? Milli elə bir yerdir ki, azərbaycanlı futbolçular üçün qapısı həmişə açıqdır. Mən də millidə oynamaq istəyirəm. Dəvət göndərilsə, canla-başla kömək etməyə çalışaram. Millidə rəqabətə gəlincə, bu haqda danışmaq hələ tezdir. Əvvəlcə klubda əsas heyətdə möhkəmlənmək lazımdır. Ondan sonra millidəki futbolçuarla rəqabətə girə bilərəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->