Qəbiristanlıqlara peykdən nəzarət və ölülərin saytı - Vardı hər yarağımız, qalmışdı...

Qəbiristanlıqlara peykdən nəzarət və ölülərin saytı - Vardı hər yarağımız, qalmışdı...

Paytaxtda qəbiristanlıqları təhvil alan bələdiyyələrdən biri olan Yasamal Bələdiyyəsi qəbiristanlığın abadlaşdırılması ilə yanaşı informasiya sisteminin formalaşdırılmasına başlayıb. Verilən məlumata görə, bələdiyyə tərəfindən qəbiristanlığın saytı da yaradılıb. Bundan sonra qəbirlərinin şəkilləri çəkiləcək və saytda yerləşdiriləcək.

Məlumat bazasında məzar daşı, dəfn olunduğu şəhər və yer qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək. Çünki proqram təminatında nömrələnmiş qəbirlərin kimə aid olduğu haqqında məlumatlar elektron sistemə qeyd ediləcək. Bütün məzarların nömrələnməsindən sonra sayt tam hazırlanaraq istifadəyə veriləcək. Hazırda qəbirlərin siyahıya alınması davam etdilir.

Qeyd edək ki, qəbiristanlıqla bağlı yaradılan bu yenilik birmənalı qarşılanmayıb. Sputnik Azərbaycan qəbiristanlıqların bələdiyyələrə verilməsindən sonra hansı dəyişikliklərin, yeniliklərin baş verməsinin mümkünlüyünü araşdırıb.

Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov bildirib ki, Nazirlər Kabineti (NK) tərəfindən 2018-ci ilin dekabr ayında "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklik edilib. O, bildirib ki, Baş Nazir Novruz Məmmədovun qərarı ilə qəbiristanlıqlar yerli bələdiyyələrin idarəçiliyinə verilib. Amma S. Həsənov qəbiristanlıqların təhvil-təslim prosesinin hələlik tam başa çatmadığını söyləyib: "Bakıda 100-ə yaxın qəbiristanlıq var. Onlardan sadəcə 32-si bizə tabedir. Onlardan 14-ü artıq bələdiyyələrin balansına verilib. Qalanlarının da bələdiyyələrin balansına verilməsi istiqamətində işlər davam etdirilir. Hazırda bizim balansımızda yalnız iki məzarlıq var. Bunlar Şəhidlər Xiyabanı və Fəxri Xiyabandır. Ona görə də, qəbiristanlıqlardakı yeniliklərlə bağlı suallarınızı bələdiyyələrə ünvanlayın".

Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva isə artıq qəbiristanlıqlarla bağlı bir sıra yeniliklərə start verildiyini söyləyir. Həmsöhbətimiz bildirir ki, Binəqədi Qəsəbə Bələdiyyəsi də qəbir yerlərinin elektron bazasını yaradır. Onun sözlərinə görə, artıq bu istiqamətdə aparılan işlərin bir hissəsi yekunlaşıb. Belə ki, qəsəbə ərazisindəki qəbiristanlıqlar bələdiyyənin balansına keçərkən, həmin məzarlıqlarda dəfn edilənlərin arxiv qeydiyyat kitabları da götürülüb. Həmin məlumatların elektron bazası hazırlanıb: 

"Qeyd edim ki, bizim qəsəbə ərazisində qəbiristanlıqlardan ikisi bələdiyyənin balansına verilib. Bunlardan biri 23 hektar ərazisi olan kənd qəbiristanlığı, digəri isə 4 hektar ərazisi olan Keyrəki qəbiristanlığıdır. Amma qəsəbənin ərazisində iki sahibsiz qəbiristanlıq da var. Onlardan biri başqa dinlərə mənsub şəxslərin dəfn edildiyi qəbiristanlıqdır. Digəri isə Keyrəki vulkanının arxa tərəfində yerləşən 2 hektar ərazisi olan qəbiristanlıqdır. Həmin qəbiristanlıq da ərazi hüdudlarına görə əslində Binəqədi Qəsəbə Bələdiyyəsinin ərazisinə düşür".
A. Əliyeva deyir ki, artıq Binəqədi Qəsəbə Bələdiyyəsinin Mülkiyyətin İdarəedilməsi şöbəsində qəbiristanlıqlarla bağlı ayrıca sektor da yaradılıb. Həmin sektorun işçi heyəti formalaşıb. A. Əliyeva qəbiristanlıqların bələdiyyələrə verilməsindən sonra bir sıra dəyişikliklərin olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, daha əvvəlki kimi qəbiristanlıqlarda dəfn üçün torpaq yerinin qanunsuz olaraq baha qiymətə satılması halları baş verməyəcək: "Bizim qəbiristanlıqda bu məsələ tam qanuni şəkildə icra olunur. Qəbir yeri üçün dövlətin müəyyən etdiyi rüsum var. Bu rüsum 63 manatdır. Kimin yaxını dünyasını dəyişirsə, ərizə ilə bələdiyyəyə dəfn yerinin ayrılması barədə müraciət edir. Həmin müraciətdən sonra dəfn üçün torpaq sahəsi ayrılır".

Bələdiyyə sədri bildirir ki, dəfn üçün digər qaydalara da bələdiyyələr tərəfindən riayət edilir. Ölmüş şəxslə bağlı müvafiq sənəd təqdim edilməmiş ölünün dəfninə icazə verilmir: "Hazırda bələdiyyələr tərəfindən bir sıra qəbiristanlıq xidmətləri təqdim olunur. Buraya ölünün dəfni üçün yerin qazılması, içərisinin tikilməsi daxildir. Əgər ölü sahibi istəyirsə 250-300 manat ödəməklə bu xidmətdən istifadə edir".

A. Əliyeva bələdiyyənin digər yeni xidmətlərin hazırlanması üzərində də iş apardığını söyləyir. O, buraya məzar yerlərinin ətrafının ot-ələfdən təmizlənməsi kimi xidmətlərin daxil olduğunu bildirir.

A. Əliyeva qəbiristanlıqlar bələdiyyələrin səlahiyyətinə verildikdən sonra boş qəbir yerlərinin satılmasının da qarşısının alınacağını bildirir: "İndiyədək boş qəbir yerlərinin satılması hallarına çox rast gəlinib. İnsanlar müəyyən ərazini hasarlayaraq oranı yaxınlarının ailə məzarlığına çeviriblər. Amma bundan sonra boş qəbir yerlərinin əvvəlcədən satılmasına yol verilməyəcək. Əlbəttə ki, kiminsə dünyasını dəyişən yaxının yanına dəfn olunması istəyi nəzərə alınacaq. Amma əvvəlcədən bunun üçün yer alınmasına yol verilməyəcək".

Bələdiyyə sədri qəbiristanlıqların təhvil götürülərkən peykdən görüntüsünün də götürüldüyünü söyləyir.

A. Əliyeva bəzi qəbiristanlıqlarda yer çatışmazlığı olduğunu da söyləyir. Bildirir ki, BŞİH-ə ərazidə 6 hektara qədər ərazinin yeni qəbiristanlıq üçün ayrılması barədə müraciət edilib.
XƏBƏRLƏR
BLOGLAR