Xəbər lenti

Qədim DNT məlumatları Maya sivilizasiyasının süqutunun sirrini açdı
Dünya 22:31 30.05.2025

Qədim DNT məlumatları Maya sivilizasiyasının süqutunun sirrini açdı

Hondurasda yerləşən qədim Koxpan şəhərinin xarabalıqlarında tapılan insan skeletləri mayya sivilizasiyasının süqutunun sirrini açmağa yardım edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.

Qeyd olunur ki, hazırda UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Koxpan şəhəri, mayyaların klassik dövründə - eramızın III-X əsrləri arasında çiçəklənikb Əvvəlki araşdırmalar sübut edib ki, bu şəhər dörd əsr boyunca Mərkəzi Amerikanın cənub hissəsi ilə Cənubi Amerikanı birləşdirən əsas şəhər-kəsişmə nöqtəsi olub.

Yeni tədqiqatın "Current Biology" jurnalında dərc olunan nəticələrinə əsasən, Koxpan şəhərində eramızın 426 və ya 427-ci illərində qurulan kral sülaləsi təxminən 400 il hökm sürüb. İndiyədək arxeoloji qazıntılar əsasən kral məzarlığı üzərində cəmlənib. Bu məzarlıqlarda hökmdarların, ehtimal ki, qurban heyvanları ilə birlikdə dəfn edildiyi güman olunur. Lakin Koxpan əhalisinin genetik mənşəyi uzun müddət qaranlıq qalmışdı.

Yeni genom araşdırması bu qədim əhalinin mənşəyini və şəhərin sosial dinamikasını ortaya çıxarıb. Məlum olub ki, şəhərin əhalisi təxminən 1200 il əvvəl kəskin şəkildə azalıb.

Tədqiqatçılar Koxpan arxeoloji ərazisində aşkar olunmuş yeddi insan skeletinin genomlarını analiz ediblər. Bu skeletlərdən biri, çox güman ki, qədim şəhərin hökmdarına aiddir. Analizə həmçinin daha əvvəl dərc edilmiş Mərkəzi, Cənubi və Şimali Amerikadakı qədim mayya yaşayış məntəqələrindən əldə edilmiş DNT məlumatları da daxil edilib.

Bu tədqiqat nəticəsində ilk dəfə olaraq klassik dövrdə Koxpan əhalisinin mənşəyi və demoqrafik dəyişiklikləri müəyyən olunub ki, bu da mayya sivilizasiyasının süqutu ilə bağlı daha aydın mənzərə yaradır.

Araşdırma göstərib ki, qədim Koxpan əhalisi Meksika və Beliz də daxil olmaqla, şimal bölgələri ilə əlaqə saxlayıb. Mayya xalqının Meksikanın mərkəzi dağlıq ərazilərində yaşayanlarla əlaqəsinin olması əvvəllər yalnız bir fərziyyə idi. İndi isə genom analizi bu əlaqənin mövcudluğunu sübut edib. Koxpan xarabalıqlarında tapılan insanların genetik materialı müasir mayyalarla, o cümlədən And, Braziliya və Argentina əhalisi ilə güclü əlaqə göstərir.

Tədqiqatın daha bir əsas nəticəsi ondan ibarətdir ki, klassik dövrün sonlarında mayya əhalisinin sayı ciddi şəkildə azalıb. Bu, həmin dövrdə digər klassik mayya şəhərlərinin də tərk edildiyi dövrlə üst-üstə düşür.

Alimlərin fikrincə, bu dövrdə And dağları regionunda da tənəzzül müşahidə olunub, lakin orada əhali sonradan bərpa olunub — çox güman ki, bu, ink sivilizasiyasının yüksəlişi və genişlənməsi ilə bağlı olub.

Əhalinin sıxlığının azalması isə mayya sivilizasiyasının son süqutuna səbəb olub. Bu süqut eramızın IX-XI əsrləri arasında baş verib. Həmin dövr güclü və tez-tez baş verən quraqlıqlar, vətəndaş qarşıdurmaları, sosial qeyri-sabitlik və ümumi dağılma ilə xarakterizə olunur.

Tədqiqatda qeyd olunur: "Klassik dövrün sonlarında əhalinin effektiv sayının azaldığı məlum olur, bu isə mayya sivilizasiyasının geniş miqyaslı destabilizasiya və süqut dövrünü təsdiqləyir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->