Qədir Rüstəmov gəlib qəbristanlığa bitişik evimizə çıxmışdı...

Qədir Rüstəmov gəlib qəbristanlığa bitişik evimizə çıxmışdı...

Nazlı Ağayeva

İki mənzilli evsizin hekayəti

Əlimdə telefon donub qaldım. Ev sahibi saat dörddə açarları gətirəcəkmiş. Və mən on yeddi illik bir fasilədən sonra yenidən bir yuvadan ayrılacaqdım. Bu dəfə anamsız və kitablarımsız. Yaşına görə ideal sağlam anam on il əvvəl keçirtdiyim ağır qəzanı həzm edə bilməyib bir ayın içində ölümə təslim oldu. Kitabların da hamısını oxumuşdum. Üstündən həyat dərsləri də aldım. Daşıyacaq bir şeyim qalmamışdı. Özümdən savayı. O da ki, ruh kimi bir şey. 
Çeşid-çeşid kirayələrdən sonra bu evə Qədir Rüstəmovun müdaxiləsi ilə Qəbələnin Oğuzlu başçısı köçürtmüşdü bizi. Qaçqınlıq düşəndə Qədir Rüstəmov Oğuzda məskunlaşmışdı. O zamanlardan tanış imişlər. Bakıya köçəndən sonra bir ayağı Oğuzda olan Qədir Rüstəmov Qəbələdən keçəndə məni görmək istəyib. Nazik bir kitab yazmışdım ondan. İndiyə qədər ilk və son nəşr işim. Kitabdan yeddi il sonra yol üstündəki Qəbələ restoranlarından birinin sahibi Arif ona mənim həmin o balaca kitabımı göstərir. İndiyə qədər məəttələm o kitab meşənin içindəki o hisli mətbəxdə necə salamat qalıbmış. 

Qədir Rüstəmov Qəbələdə məni neçə ünvandan axtara-axtara gəlib qəbristanlığa bitişik evimizə çıxır. Həyət qapısında təzə, qəşəng avtomobilinə söykənmiş adamla neçə il əvvəl Oğuzun hansısa ictimai tikilisində görüşdüyüm qaçqın sənətkarın arasında xeyli fərq vardı. Amma mən o fərqin fərqinə varmayıb, sadəcə, o gəlişin səbəbini anlamağa çalışırdım. Qonağım rəhmətlik məni çox gözlətməyib onunla beş-on dəqiqəliyə bir yerə getməyi xahiş etdi. Qəribçilikdi, bəlkə ünvanı dəqiq bilmir ehtimalı ilə arxa oturacaqda oturub "bakılı” Qədir Rüstəmovu dinləməyə başladım. Mərhum Heydər Əliyevdən başlayıb oğuzlu meşəbəyidə bitən qısa və maraqlı bir əhvalatın içində lapdan soruşdu ki, kitabı niyə nazik yazmışam. Danışmağa həvəsim yox idi, xəyal məni çox uzaqlara aparmışdı - artıq heç birimizin bahalı maşın nədir ki, heç təyyarə ilə gedə bilməyəcəyimiz yerlərə. 

Bu arada özümüzü İcra Hakimiyyətinin qarşısında görüb necə alındımsa hətta Qədir Rüstəmov kimi ağır adam tələsik izahat verdi ki, başçıya ikicə kəlmə sözünü deyən kimi məni aparıb evimizə qoyacaq. Allahdan başçı başının dəstəsi ilə binanın qabağında dayanmışdı. Qonağı çox hay-küylü qarşılayıb içəri aparmaq istədi. Qədir Rüstəmov onu maşının yanına gətirib arxa qapını açaraq məni tanıyıb-tanımadığını soruşdu. Başçı oturduğum yerdə mənə əl verib gülə-gülə cavab verdi:
– Niyə tanımıram ki, bizim fəxrimiz Nazlıdı.
– Heyləmi? Amma mən sizin fəxriniz Nazlını dirilərin arasında axtarıb ölülərin içində tapdım. Ayıbdı, a kişi...
Öz sözlərindən bəlkə təsirlənmiş Qədir Rüstəmov başçıya quruca "sağ ol” deyib maşına oturdu. Ordan bizim evə olan on dəqiqədə mənə dedi ki, bu başçı təsərrüfat adamıdı, ferması, tarlası var. Siyasəti-zadı yoxdur. İndi bir işdir, başçılıq edir. Əsil "xozeyinlər” xəbər tutana qədər sənə nə təklif etsə, fors eləmə. Cibindən verməyəcək ki. Özün cəhənnəmə, anana yazığın gəlsin. Dilini- əlini dinc qoyan deyilsən onsuz da. Heç olmasa o, beş gün rahat olsun. Sonuncu kəlməni deyəndə mənim bir ayağım artıq yerdə idi. Qırımından qorxub evə təklif edə bilmədim. 

İki gün sonra JEK-in müqaviləsi əsasında köhnə təzə evə köçdük. Başçı təmir və sənədləşmə məsələsini tezliklə həll edəcəyini söyləsə də, mən o özfəaliyyətin çox sürməyəcəyini bilirdim. Buralarda yerin əsas yiyəsi olmuşlar bu jesti beşiyində boğacaqdılar. Vaxtı məhdud olduğundan xəbərdar etməyə macal tapmadım. Yalnız rayondan gedəndən sonra eşitdim ki, yaxın ətrafından canfəşanlıq edib mənimlə bağlı addımın riskli olduğunu izah etməyə çalışıblar. Bizim buralarda "baytar”, "zootexnik” ayaması ilə müzakirələrə qoyulan həmin Adil başçı qəribə bir mövqe göstərib:

– Ölkəyə o qədər başçılar, nazirlər, deputatlar gəlib gedəcək ki... Qədirdən bir daha olacaqmı? 

Bəlkə başçı "Nazlıdan da” deyərmiş, amma məni hələ yaxşı tanımırdı. Bu lovğa cümləni özüm işlətdim ki, yazının ruhu yüngülləşsin bir az.

Adil Məmmədovun həyatında bunun tək istisna olduğunu düşünürəm, çünki özü demişkən, əfsanələr təkrar olmur. Özünün də belə hərəkətlərə həvəsli olması mümkün deyil. Əks halda başçı olmazdı. Anidən qarşısına aldığı gücün onu necə tənbeh etdiyini deyə bilmərəm, sadəcə binasını qoyduğu o jestin bircə addım irəliləmədiyindən dozanı təsəvvür edirəm. Üstündən keçən on yeddi ildə əvvəllər etdiyim bütün müraciətlər müxtəlif dərəcəli qadağalarla və mədəni təhqirlərlə cavablandı. Bir damın altındakı o biri mənzilin şəxsiləşdiyi halda mən hələ altmış yaşlı "JEK uşağı” olaraq qalmışam. Təmirdən söhbət gedə bilməz, müqavilənin ən vacib bəndlərindən biri "təmir tələb etməməli”dir. Kreditə-borca girib ibtidai təmir edə də bilmirsən, çünki bu insafın sahibləri bitmiş təmirin "JEK” qanunlarına zidd olduğunu aşkarlayarlar. Burdan bu yaşda bunca illərdən sonra getmək də adamın bütün həyat prinsiplərinə ziddir. Bəs nə olsun? Hər an üstünə gələsi təhlükəni ciddiyə almamaqmı? Belə də etdiyim gözəl günlərin birində hündür çərçivədən qopub düz ayağımın ucunda parçalanan ağır şüşənin qırıqlarından biri əlimi yüngülcə yaraladı. Və faciəli bir ölümün yarım addımlığında çöküb qaldım. Günlərdir beynimdə bir sual dolaşır: O ağır şüşə mənim başıma niyə düşmədi görəsən? Tanrının lütfümü bu, yoxsa cəzasımı? Bütün hallarda anamın ruhu qorudu yəqin. Getməyimi hələ istəmədi. 

...Və mən küləkli gündüzlərdə, qaranlıq gecələrdə təhlükədən yayınmaq üçün yaxınlarımın təkidi ilə bir ev kirayələdim. Artıq əlimdə iki mənim olmayan evin açarı var. İndi oturub pulunu ucuz olmayan qiymətlə qabaqcadan ödədiyimiz o rahat məkana daha gec getmək üçün hər gün bəhanələr uydururam. Hətta yuxarıda tükdən asılıb qalan digər şüşələrin, anamın çarpayısının üstündəki on illik boş qaranquş yuvasının, üstündə üzü üstə uzanıb ilk xəlvət yazılarımı yazdığım qədim xalçanın, divarların, çarpayıların üstündə süjetlər qururam. O süjetlərin heç birində həyat onu qorumaq üçün göstərilən çabalara dəymir. Yalnız qəsdən maddi-mənəvi-fiziki ölümə tərk ediləndə instinktiv üsyan qopur. O qəsdin mayasındakı nəyin bahasına olur-olsun əzmək, sındırmaq, alçaltmaq ehtirasına, təsadüfün külli-ixtiyar sahibinə çevirdiyi görməmiş nadanlara, harlnlamış toxunulmazlara müqavimət yaranır.

Bu da mən... Əlində iki mənzilin açarı özünə yer tapmayan Azərbaycan vətəndaşı... 

XƏBƏRLƏR
BLOGLAR