Orxan Cuvarlı
Sənət 14:51 12.03.2022

Qədri bilinməyən yerli müəlliflər

Orxan Cuvarlı 

Həmişə yerli yazarlar barədə tənqid görəndə günahı bir az da özümüzdə axtarmalı olduğumuzu düşünürəm.

Adətən bu tənqidlər müxtəlif səpkilərdə olur; maraqlı yazmırsınız, mövzular köhnədir, yaman şikayət edirsiniz və sair, və ilaxır.

Allah tərəfi, bir çox məqamlarda bu tənqidlərlə razılaşıram. Hərdən mən də aramsız şikayətlərdən yoruluram, nəyisə dəyişməli olduğumuzu düşünürəm. Bir dönəm hamı ağız-ağıza verib şikayətlənirdi. Yerli yazarlar arasında şikayət etmək yoluxucu xəstəlik kimi durmadan yayılırdı. Kimi dindirirdin tiraj azlığından, qonorarsızlıqdan, nəşriyyat sisteminin yoxluğundan ürək ağrısıyla danışırdı. Türklər demiş, bir ara yerli müəlliflərə bir toxunan min ah eşidirdi.

Haqsız idilər? Əlbəttə ki, yox. Mütləq nələrisə dəyişmək lazımdır.

Bakıya gələndə tez-tez kitab dükanlarında oluram. Son vaxtlar yerli müəlliflərə dəstək məqsədilə onların kitablarını daha çox almağa başlamışam. Bu vərdişim kitab mağazalarında hələ də qəribə qarşılanır. Sözügedən dükanların əməkdaşları əsasən rusdilli xanımlar olurlar. Onların böyük əksəriyyəti yerli müəllifləri tanımır. Uzağı, Elxan Elatlıdan, Qaraqandan, Çingiz Abdullayevdən məlumatlıdırlar. Onlar üçün yerli müəlliflər adını çəkdiyim üç-dörd nəfərdən ibarətdir.

Bu əməkdaşlardan hansısa yerli müəllifin kitabını soruşanda hıqqana-hıqqana qalırlar. Ən yaxşı halda səni yerli müəlliflərin kitabları "gizlədilən" rəfin yanına gətirib taleyin ümidinə buraxırlar.

Gizlədilir deyirəm, çünki bu hərəkətə başqa bir ad tapa bilmədim. Fikir vermişəm, bu rəflərdə yerli müəlliflərin kitabını tapmaq ehtimalı samanlıqda iynə tapmaq ehtimalına bərabərdir. Çox vaxt yerli müəlliflərin kitabları rəflərin ən görünməz gözündə, döşəməyə yaxın hissələrində gizlədilir. Sanki kitab mağazaları bilərəkdən bu kitabları ən naqolay yerlərə qoyur, iz itirir, oxucunu azdırırlar.

O mağazaların birində yerli müəlliflərimizdən birinin əvvəlcədən almağı planlaşdırdığım kitabını güclə tapdım. Həmin kitabı adi bir oxucunun təsadüfən görməyi zəif ehtimaldır.

Özü də bu rəflərdə bir yerli müəllifin – məsələn, Seymur Baycanın, Qismətin, Aslan Quliyevin, Kənan Hacının, – hansısa bir kitabını tapa bilmək üçün xüsusi fiziki hazırlıq tələb olunur. Bu kitablar rəflərin elə hissələrinə yerləşdirilir ki, bəzən onları götürə bilmək üçün akrobatik hərəkətlər nümayiş etdirməli olursan.

Hələ bu müəlliflər bizim tanınmış imzalarımız hesab olunurlar. Vay gənc yazarlarımızın halına… Onların kitablarını bu mağazaların vitrininə çıxara bilməsi ən azı Bukerin uzun siyahısına düşmək qədər qəliz məsələdir.

Kitab mağazaları sanki oxucuları yerli müəlliflərdən uzaqlaşdırmaq üçün mümkün olan bütün yollara əl atırlar.

Əlqərəz, şikayətlənmək azarına mən də yoluxmaq istəmirəm. Bir az da yaxşı şeylərdən yazaq.

Bu yaxınlarda həmkarım Həmid Piriyevin hekayələr kitabını çapa hazırladığını eşidəndə çox sevindim. Düzü, Azərbaycan reallığında indiki şərtlərdə kitab çap etdirmək istəyən adam görəndə kövrəlirəm. Az qalıram ki, onu qucaqlayım, bağrıma basım. Hazırda Azərbaycan şəraitində kitab çap etdirmək Sizif əməyindən fərqlənmir. Boşuna enerji sərfiyyatı, maddi itki…

Amma yenə də sevindim. Həmid son dövrlərdə yerli müəlliflər arasında nəsrini doğma hesab etdiyim imzalardan birinə çevrilib. Nərmin Kamalın, Seymur Baycanın, Mirmehdi Ağaoğlunun Həmidin yaradıcılığına işıq tutan sözlərindən, yazılarından sonra onun bir neçə hekayəsilə tanış olmuşdum.

Həmid yaxın günlərdə "Yer üzündə axırıncı gecə" adlı hekayələr kitabını çap etmək fikrindən daşındığını elan edəndə xeyli təəssüfləndim. Kitabın elektron variantıyla tanış olanda geniş oxucu kütləsinin bu sadə, bəzəksiz, gözəl hekayələrdən məhrum olması təəssüfümü birə-beş artırdı.



Yəqin ki, yuxarıda sadaladığım problemlər Həmidi də təngə gətirib. Hər halda kitabın müəllifi kimi özü bilən məsləhətdir. İndi isə həmin kitab haqqında təəssüratlarımı bölüşmək istəyirəm.

Həmidin sözügedən kitabını oxuyanda qəribə ovqatda idim. Bu kitabdakı hər hekayə mənə doğma, məhrəm göründü.

Həmid kitabdakı hekayələri "Abşeron hekayələri" və "Və başqa hekayələr" adları altında iki hissəyə ayırıb.

Hekayələr hər nə qədər iki hissəyə bölünsə də, mən bir oxucu kimi onların arasında möhkəm bağların, bənzərliklərin olduğunu sezdim. Fikrimcə, bu kitabdakı bütün hekayələri ("Sərçələr üçün poema", "Qanadlarım ağrıyır", "Nəlbəkidə üzər kağız gəmilər", "Ölüm və başqa xoşbəxtliklər", "Göyqurşağında balıq ovu", "Əllərində göyüzü", "Qarğalar oturub üzü qibləyə", "Bağışlayın, Rənanı tanımırsınız?", "Qurbağalı gölün sahilləri", "Qarışqa tapdalamayan", "Məryəm xalanın oğlu", "Yer üzündə axırıncı gecə") Abşeron hekayələri adlandırmaq olar.

Bu hekayələrin hər birində Abşeronu, sahil kəndlərinin məhlələrinə dolan dəniz qoxusunu, qumsallıqdakı qum dənəciklərinin narınlığını, Bakının mehini, xəzrisini, gilavarını, mazut qoxusunu iliklərinə qədər duya bilirsən.

Həmid oxucunun əlindən tutur, onu yeni bir dünyaya müsafir edir, Bakı kəndlərinin nabələd məhlələrində, dəniz sahillərində gəzişdirir. Həmidin hekayələrindəki personajlar qərib, nisgilli adamlardır. Onların hər biri darıxır, xiffət çəkir, çətin günlərdən keçir, adi şeylərlə həyata tutunur, təsəlli tapır.

Həmid personajlarının adi günlərindən, məişət qayğılarından, gündəlik vərdişlərindən, gileylərindən yeni bir dünya yaradıb.

Hər şeydən əvvəl, hekayələrin ad seçimlərindəki orijinallıq oxuculara bu dünya haqqında az da olsa ipucu verir.

Həmid hay-küysüz, gurultusuz təhkiyəylə oxucunu yaratdığı bu dünyanın aralı qapısının ağzına gətirir və çıxıb gedir.

Son dövlər Azərbaycan ədəbiyyatında hekayə janrına daha çox müraciət olunduğunu görürük. Həmidin 12 hekayədən ibarət bu kitabı həmin axının ən uğurlu, parlaq nümunələrindən biri hesab oluna bilər.

Ümid edirəm ki, Həmid Piriyevin timsalında bir gün bütün yerli müəlliflərimizin qədri bilinəcək.