Vüsal Bağırlı
Hərbi xidməti başa vurmağımdan uzun illər ötüb. Lakin, bəzən əsgərlik dövrü ilə əlaqədar qəribə yuxular görürəm. Hər gördüyümdə, bu yuxular məni təkrar-təkrar diksindirir, o özünü yaşamaq, varmaq istəmədiyim bir gerçəklik kimi qəbul etdirir.
Hərdən yuxularımda görürəm ki, guya yenidən hərbi xidmətə çağırılıram. Və yaxud, artıq əsgəri xidmətdəyəm, kazarmadayam və necəsə hərbin sərt qayda-qanununa tabe olmuş, naryada cəlb edilmişəm.
Ən maraqlısı da odur ki, bəzən bu amansız vaqeəni təbii olaraq qəbul edir, məşəqqətli taleyimlə barışıram. Bəzən isə, dəhşətli dərəcədə narahat olur, həyəcan keçirir, ətrafdakılara, zabit, gizir və əsgərlərə hərbi xidməti artıq çoxdan başa vurmağım barədə əbəs izahatlar verirəm. Onlar isə dediklərimə inanmır, gülür, məni lağa qoyurlar.
Belə bir qəribə olay Cəlilabad rayonu Adnalı kənd sakini Emil Əmirlinin də başına gəlmişdir. Ona da bu yaxınlarda hərbi xidmətə çağırış vərəqəsi gəlmişdir. Lakin yuxuda deyil, gerçəklikdə.
Halbuki, Emil doqquz il əvvəl hərbi xidmətə çağırılmış və Beyləqan rayonuna yerləşən hərbi hissələrdən birində bir il doqquz ay xidmət keçərək ordu sıralarından normal qaydada tərxis olunmuşdur.
Ən maraqlısı odur ki, bu Emilə göndərilən ikinci çağırış vərəqəsidir. Hələ 2018-ci ildə ona ünvanlanmış birinci məktubla o, tibbi müayinədən keçməsi ilə əlaqədar yerli çağırış məntəqəsinə dəvət olunmuş, sonra yanlışlığa görə üzr istənilmişdir.
Bir neçə gün əvvəl isə, analoji hadisə yenidən təkrarlanmış və o, yenə də yerli çağırış məntəqəsinə dəvət edilmiş və gəlməyəcəyi təqdirdə cərimə olunacağı bildirilmişdir.
İndi mən yuxudan qəfil ayrılmaqla hər dəfə bu cəncəl məsələlərdən qurtuluram. Bəs Emil Əmirli bu işdən necə çıxış yolu tapacaq, bax onu bilmirəm.
***
Karantin zamanı demək olar, bütün günüm eyvanda keçir. Eyvan bizim üçün həm bağı, parkı əvəz edir, həm də həyət-bacanı. Ora mənim istirahət guşəmdir, düşüncə, mütalilə və yazı-pozu məkanımdır. Dünən axşam yenə eyvana çıxdım və səkkizinci mərtəbənin mənə verdiyi quş uçuşu effektli şansdan istifadə edərək, ətrafımı ovuc içi dəqiqliyi ilə nəzərdən keçirdim.
Baxdım ki, dördüncü mikrorayon ərazisindəki əksər sakinlər həyətdədirlər. Hamı məhəlləyə səpələnmişdir. Çoxsaylı binalar arasındakı geniş ərazi - məktəb stadionu - adamlarla tamam dolmuşdur. Tanımayan, bilməyən birisi orada mitinq keçirildiyini düşünərdi: velosipedli, skuterli uşaqlar, asudə bir ritmlə gəzişən, tum və qeybət çırtlayan qadınlar, qaçan, idman edən, futbol, voleybol, kölgəlikdə nərd, domino oynayan kişilər. Gənclər, yaşlılar, bir sözlə hamı bir-birinə qarışmışdı. Nə məsafə gözləyən var idi, nə də maska taxan.
Bu dəm, bir polis maşını peyda oldu. Avtomobil sirena verərək əraziyə yaxınlaşdı. Lakin, insanların heç tükü də tərpənmədi. Maşın xəbərdarlıq işarəsi verirmiş sayaq, sağa-sola reveranslar etdi, dala-qabağa getdi. Belə etdi ki, bəlkə, sakinlər hansısa adekvat reakiya nümayiş etdirələr. Bəlkə qorxalar, ürkələr, həyəcan keçirələr, narahat olalar. Lakin insanların qətiyyən dağılışmaq fikri yox idi.
Bir neçə cüvəllağı uşaq hətta polis maşının banına dırmaşdılar, biri isə səsboğucu yerinə kağız-əski parçası dürtdü. Nəhayət, polis səsgücləndirici rupordan istifadə etməyə məcbur oldu. Onlar insanları evə getməyə səsləyirdilər. Bu da səmərəsiz qalınca, nəhayət köməyə ikinci, üçüncü, hətta dördüncü patrul maşını çağırıldı. Yalnız bundan sonra, sakinlər könülsüz- könülsüz evlərinə sarı üz tutmağa başladılar.
Biz artıq koronaya, karantin, epidemiya tədbirlərinə belə uğurla inteqrasiya oluna bilirik. Virusda öz növbəsində bizə adaptasiya olunur, dünyada, hər yerdə azalır, fəqət burda çoxalır.
Şərhlər