Vüsal Bağırlı
Məktəblər açılandan bəri, şəhər nəqliyyatında dəhşətli sıxlıq yaşanır. Dünən yol getdiyim avtobus ləngər vuraraq irəliləyirdi. İçəridə boğanaq və basabas əlindən dayanmaq, nəfəs almaq mümkün deyildi. Üstəlik taxılmış maskanın gətirdiyi discomfort hissi adamı narahat edirdi. Hamı qaşqabaqlı və üzgün, az qala bir-birlərinə yapışmış vəziyyətdə dayanmışdı.
Sürücü isə tez-tez saxlayır, dayanacaqda sıxlığa görə məcburən arxadan minməli olan sərnişinlərin kartı vurmamasından şikayət edir, elə hey deyinirdi.
Salondakı qəmgin ab-havanı, orta yaşlı qadının atmacası pozdu.
- A kişi, ay "şofer” qardaş bir-iki nəfəri də pulsuz aparsaydın nə olardı ki, dünya dağılmazdı a?!
Xırıltılı, yoğun kişi səsi onun səsinə səs verdi.
- Kart nədi e, heyif deyildi konduktor. Moskvada bir avtobusda düz üçü işləyir. Biri arxada dayanır, biri ortada, biri də düz sürücünün yanında.
Sürücü ondan söhbət getdiyini hiss etmişdi. Odur ki, söz altında qalmadı:
- Konduktor nədi. Heç yeridi sən Allah. Bildiniz-bilmədiniz danışırsınız də. Konduktor olsa, gərək ona əlavəa maaş verilə. Onda yol pulu da qalxıb olacaq bir manat.
Sərnişinlərdən biri nostalji hisslərə qapılmışdı.
- Eh, heyif deyil o vaxtlar. Yaxın keçmişdə Bakıda konduktorlar da var idi, tramvay-trolleybus da.
- Ay bacı, elə xeyir - bərəkət də o dövrdə qaldı...
Hamı qızğın şəkildə söhbətə qoşulmuşdu. Hamı danışırdı. Sərnişinlərin arasından uğultu, həyəcan, səs-küy qalxmışdı.
Bu dəm, arxadan yenə səs eşidildi:
- Eh, bir konduktor tatar qız var idi, nərmənzik, belində də çantası. İndiyə kimi yadımdadır, qırmızı kurtkası, sarı saçları, sürməli qara gözləri var idi.
Qabaq sıradan kimsə bu sözlərə münasibət bildirdi:
- Öz aramızdır, deyəsən vurulubmuşsan a ona.
- Vurulmuşdum nədi, dəli kimi aşiq olmuşdum. Sevirdim onu. Neçə dəfə yaxınlaşıb tanış olmaq istədim, köpək qızı, məni yaxına buraxmadı.
Beləcə, hamının üzündə xəfif təbəssüm, yolumuza davam etdik. Yüksələn əhval basabası, havasız mühiti, bürkünü azacıq da olsa unutdurdu.
***
O gün Şamaxinkada yeni açılmış parkda gəzirdim. Bir qadın və onun təxminən 6-7 yaşı olan uşağı diqqətimi cəlb etdi. Qadın skamyada əyləşib bütün gözləri, beyni, qulaqcıqlı qulaqları, lamisə orqanları, bütün vücudu ilə əlində tutduğu telefona, monitora, internetə köklənmişdi.
Uşaq oynayır, qaçır, yıxılır, durur, ağlayırdı. Qadın isə, ona tərəf heç baxmırdı da. Sıfır reaksiya. Daha doğrusu, reaksiya var idi, fəqət yalnız monitorda baş verənlərə, virtual dünyaya…
Birdən uşaq qadının lap yanına gəldi, paltarının ətəyindən yapışaraq, ağlaya-ağlaya yeməyə bir şey verməsini istədi.
Qadın başını qaldırıb, acıqla uşağa baxdı. Qəzəblə üstünə çəmkirdi:
- Dünyaya gələndən başıma bəlasan. Evdə də imkan vermirsən istirahətə, çöldə də.
Sonra, çantasını eşələyib içərisindən bir konfet çıxatdı. Kağızını cırıb, onu uşağa uzatdı. Zibili isə düz ayağının yanına, səkinin üzərinə tulladı.
Uşaq konfeti deyil, əyilib yerdəki kağızı götürdü və anasına tərəf uzatdı:
- Ay ana, dərslikdə yazılıb ki, yerə zibil atmaq mədəniyyətsizlikdir.
Şərhlər