Xəbər lenti

Qızıl mədəni ilə bağlı qanun onun qiymətinə təsir edəcəkmi? (AÇIQLAMA)
Ekonomiks 16:35 23.12.2024

Qızıl mədəni ilə bağlı qanun onun qiymətinə təsir edəcəkmi? (AÇIQLAMA)

Söyüdlüdə (Zod) qızıl yatağı fəaliyyətə başlayacaq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında bu məsələ müzakirəyə çıxarılacaq. 

"Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi hazırlanıb. 

Söyüdlü (Zod) qızıl zavodunun fəaliyyəti Bakıda qızılın qiymətinə təsir edəcək? 

İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda qızılın nə qədər hasil edilməsindən asılı olmayaraq, qiyməti dəyişməyəcək: 

"Çünki qızılın qiymətini dünya bazarı formalaşdırır. Azərbaycanın qızıl ehtiyyatı nə qədərdir ki? Dünya statistikasına baxsaq, ümumi qızıl ehtiyyatlarının çox cüzi hissəsi Azərbaycanda formalaşır. Fikir vermisinizsə, biz həmişə neft, qaz ehtiyyatlarının gəlirindən danışırıq. Ölkənin qızıl gəliri hansısa iri şirkətin gəlirindən də azdır. Bir də nə qədər istehsal etsək də, bu qiyməti daxili şərtlər, bizim istehsal imkanlarımız formalaşdırmır. Azərbaycan qızılın emalını da həyata keçirmir".
 


Xalid Kərimli əlavə edib ki, qızıl Daşkəsəndə, Gədəbəydə torpaqdan çıxarılandan sonra xammal qiymətinə İsveçrəyə göndərirlər:

"Orada qızıl təmizlənilib, külçə halına salınır. Bu zavod bizdə yoxdur. İsveçrədə emal olunandan sonra biz onu külçə şəkilində alınır. Bunların hər biri dünya bazar qiymətləri ilə tənzimlənir".

"Azərbaycan niyə qızıl emalı zavodunu açmır" sualına iqtisadçı buna ehtiyac olmadığını qeyd edib:

"Bizim ehtiyaclarımızın həcmi çox azdır. O zavod böyük və əhəmiyyətli investisiya tələb edir". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->