Qızıl yatağı tapan alimə 550 manat, qızıl medal alan idmançıya 550 min manat mükafat?..

Qızıl yatağı tapan alimə 550 manat, qızıl medal alan idmançıya 550 min manat mükafat?..

Nazirlər Kabinetinin qərarına əsasən bundan sonra Azərbaycanda faydalı qazıntı yataqlarını kəşf edənlərə verilən mükafatın həcmi 50 manat artırılaraq 550 manata qaldırılıb. Ancaq Tokio Olimpiadasında qızıl medala sahib olan bir Azərbaycan idmançısı 550 min manat civarında mükafata sahib olacaq. Hər iki maliyyənin mənbəyi dövlət olduğu halda, idmançı ilə faydalı qazıntını kəşf edənlər arasında bu cür kəskin fərq necə, nədən yaranır?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirdi ki, stimullaşdırıcı məbləğlərdə yaranan belə fərqlər ölkə, regional və beynəlxalq səviyyədə təqdimat nəzərə alınmaqla müəyyənləşmədən irəli gəlir: 

"Bəzi stimullaşdırıcı məbləğlər ölkə, digərləri regional, başqa birisi isə beynəlxalq səviyyədə təqdimatı nəzərə alınmaqla müəyyənləşir. Faydalı qazıntıların axtarışı ilə məşğul olanlar Azərbaycan iqtisadiyyatına ölkə səviyyəsində töhfə verdiklərinə görə, onlara mükafatlar da məhz yerli səviyyəyə uyğun verilir. İdmançılar isə beynəlxalq səviyyədə töhfə verdiklərindən mükafatlandırmada belə böyük həcmli fərqlər yaranır.

Faydalı qazıntıların kəşfi və axtarışı ilə məşğul olanlara ayrıca olaraq əmək haqqı ödənişləri həyata keçirilir. Bu işlə bağlı xüsusi dövlət qurumu məşğuldur. Onlar faydalı qazıntıların tapılması, aşkar edilməsi və istifadəsini həyata keçirir. Eyni zamanda bu istiqamətdə axtarış edənlər faydalı qazıntı aşkar ediblərsə, bu zaman onlara münasibətdə əmək haqqından əlavə ödəniş də edilir. Məqsəd də ondan ibarətdir ki, bu işlə məşğul olanların fəaliyyəti stimullaşdırılsın”.
Deputat qeyd etdi ki, fərqli sferalarda stimullaşdırıcı tədbirlər də fərqlidir: 
 
"Olimpiya Oyunlarında mükafat fondunun müəyyənləşdirilməsi də stimullaşdırıcı məqsəd daşıyır. Olimpiya oyunları ən çox izlənilən idman oyunlarından biridir. Burada Azərbaycan bayrağının qaldırılması və idmançılarımızın stimullaşdırılması vacib prioritet hədəflərdəndir”.
 


V. Bayramov düşünür ki, bütün istiqamətlərdə stimullaşdırıcı məbləğlər mərhələli şəkildə artırılmalıdır: 

"Amma burada söhbət heç də bütün stimullaşdırıcı tədbirlərin eyni məbləğdə müəyyənləşdirilməsindən getmir. Yəni müxtəlif kateqoriyalara uyğun olaraq da məbləğlər təyin edilir. Faydalı qazıntıların axtarışı ilə məşğul olanlar xüsusi dövlət qurumunda çalışdıqları üçün həmçinin əmək haqqı alırlar. Onlara ödənilən məbləğ də mərhələli şəkildə artırılmalıdır”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X