Son dövrlərə qədər qiymət artımının bir qədər səngidiyi qızıl yenidən bahalaşmağa başlayıb.
Belə ki, qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 500 dolları keçərək tarixi maksimumu yeniləyib. Sonradan qiymət bir qədər ensə də, son günlərə qədər olan hədlə müqayisədə yüksəkdir.
Ümumilikdə isə 2025-ci ildə qızılın qiyməti 70 faizdən çox artıb. Maraqlıdır, bəs kəskin qiymət artımının arxasında hansı amillər dayanır və bahalaşmanın nəticələri nə ola bilər?
İqtisadçı Xalid Kərimli Baku TV-yə mövzu ilə bağlı açıqlama verib.
"Son vaxtlar ABŞ-nin Venesuela sahillərinə öz hərbi gəmilərini göndərməsi qızılın qiymətini artırır. Çünki qızıl gərginlikdən qidalanan təhlükəsiz aktivdir", - deyə o bildirib.
Ekspert qızılın qiyməti və ABŞ dolları arasındakı əlaqəni qiymətli metalın bu valyuta ilə ifadə olunması ilə əsaslandırır. Bu baxımdan bahalaşmanın 2026-cı ildə də davam edəcəyini hesab edir. İqtisadçı Rəşad Həsənov isə qızılın bahalaşmasını qısamüddətli dövrdə iqtisadi konyunkturun və geosiyasi vəziyyətin proqnoz olunmaması ilə izah edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər