Xəbər lenti

Qızları stadionlardan qaçırtmayın!
Röya Kərimli
İdman 12:59 21.05.2019

Qızları stadionlardan qaçırtmayın!

Röya Kərimli 
 
3-4 il olar ki, futbol matçlarını izləmək üçün stadionlara getmirəm. Düzü, nə 8 komandalı çempionatın oyunlarını izləməyə maraq yoxdu, nə də işdən vaxt olmur. 

Ancaq fikir vermişəm, bu müddətdə həm idman mətbuatında çalışan, həm də tribunalarda azarkeşlik edən xanımların sayı artıb. 

Lakin xanımların sayı nə qədər artsa da, mental düşüncələr olduğu kimi qalır. Hətta daha kobud, daha çirkin mövzular var ki, bunlar heç mentalitetə də sığmır. 

Düz 15 il əvvəl mən stadiona gələndə qınaqlar o yöndə idi ki, qız nədi, futbol nədi, otursun evdə, ailə qursun, falan-filan. Bunu hardasa anlayıram. Rayon yeri idi, düşüncə fərqli idi. Qızın oğlanların arasında olmasına biraz qəribə baxırdılar. Çünki rayon yerlərində qızın oxuması, karyera qurması və ən əsas idmanla məşğul olmasına pis baxanların sayı daha çox olur. Bu reallıqdır ki, insanlarımızın böyük əksəriyyəti qızın yaşı çatan kimi ailə qurmalı, ana olmalı və həyat yoldaşına, ailəsinə qulluq etməlidir təfəkkürü ilə yaşayır. Təbii ki, istisnalar öz yerində. Bunların sırasında öz ailəmi də qeyd edirəm. Və həmişə onların mənə dəstəyi qeyd edib, təşəkkür bildirmişəm. 

Ancaq artıq dövr dəyişib. Daha iyrənc yöndə... Artıq mental basqılar, xanımlara qarşı qorumacı davranışlar yox, daha fərqli mövzular üzə çıxıb. Loru dildə deyim. Moşu demişkən, "namus-qeyrət" anlayışı yox, əksinə xanımlara qarşı daha aşağılayıcı davranışlar varmış. 

Son zamanlar futbolumuzda olan xanımlarla daha çox ünsiyyət oluram, həm müsahibə, həm iki xanım kimi söhbətlərimiz olur. Stadionda, tribunalarda olan davranışlar müzakirə olunur. Düzü, mədəni, centlmen bəylərimiz təbii ki, var. Stadiona gedən xanımlara belələri tərəfindən hörmət göstərilir. Ancaq "meşə çaqqalsız olmaz" deyiblər. Söhbətlər əsnasında elə şeylər eşidirəm ki, dəhşətə gəlirəm. Sən demə bizim futbol aləmində olanların çoxu stadiona gələn xanımlara "dırnaqarası" yanaşırlar. 

Hansını deyim, sosial şəbəkələrdə olan "podxod"larımı, qızların arxasından deyilən iyrənc iftiralarımı, xanımların geyimini, paylaşımını min yerə yozanlarımı, şəkil çəkdirdiyi hər futbolçu ilə "fırlanır" tipli qeybətlərimi... İndi bir xanım 5-6 futbolçu ilə şəkil paylaşırsa, bu o deməkdir ki, eyni vaxtda hamısı ilə münasibəti var?! Ayıbdı. Axı bu xanımlarda kiminsə qızıdır, bacısıdır, sevgilisidir, nişanlısıdır, həyat yoldaşıdır, anasıdır. Niyə kiminsə adı, həyatı, gələcəyi ilə oynayırsınız?

Lap dediyiniz kimi, kiminləsə münasibəti varsa, bundan sizə nə? Hər kişi ailəsində olan xanımlara cavabdehdi. Başqası kiminlə nə etdi, bundan sizə nə? İnanın ki, kiməsə əxlaqsızdı deyən biri ilə o xanım münasibət qursaydı, elə gözəl ört-bastır edərdi ki, nə var ki, öz adına söz çıxmasın. Axı çoxu da ailəli olur, istəmir ki, kənarda olan münasibəti bilinsin. Məsələ başqasına gəlincə, danışmaq, adını ləkələmək asandı. Hə, bir də "pişiyin ağzı ətə çatmayanda iylənib" deyər. 

Düzdü, cəmiyyət olaraq artıq bu hallara da öyrəşmişik. Gözüm önündə yol gedən qardaş-bacını bir-birinə "yamayan" insanlar görmüşəm. Kənardan sərt təpki görüb, "aaa, filankəslə səhv saldım" deyib, söhbətdən çıxmağa çalışıblar. 

Öz başıma da gəlib. Sosial şəbəkədə ailəvi yaxın olduğum, qardaş dediyim dostlarımla şəkil paylaşmışam. Vurğulayım ki, "Qardaşımla, qaqamla" şərhi ilə paylaşmışam ha... Rəy yazıblar ki, Allah xoşbəxt etsin, yaraşırsız və s. Və ya kənardan eşitmişəm, kimlərsə düşünüb ki, münasibətdə olduğum insandı. Bəs bu şəkli görən gözlər niyə "qardaşım, dostum, qaqam" şərhini görmür?! Çünki görmək istədiklərini görürlər. Ay başınıza dönüm, bir xanımın yanında olan hər kişi onun münasibətdə olduğu adam deyil. Qardaşı, dostu, qohumu, sinif, qrup və ya iş yoldaşı da ola bilər. 

Qayıdım stadiona gedən xanımlara. Onlardan əl çəkin. Futbola getdi, kiminlə şəkil çəkdirdi, necə geyindi, nə paylaşdı sizə aidiyyatı yoxdu. Onsuzda tribunaları və mətbuatı bəzəyən azsaylı xanımlar var. Onları da bu davranışlar, iftiralar, ləkələrlə qaçırtmayın. İmkan verin, insanlar xoşbəxt olduqları kimi yaşasınlar. Onsuzda həyat, qayğılar, problemlər, yaşamaq çətindi. Siz də bir-birinizin üçün həyatı daha da çətinləşdirməyin... 
 
P.S. Qızlar, bir şeyi də sizlər üçün qeyd edim. Bəzən şikayət edirsiniz ki, evdən stadiona getməyə imkan vermirlər. Belə düşünürəm ki, ailəniz "stadiona getmə" deyəndə inanın ki, bunları düşünüb, deyir. Bilirlər ki, bizim cəmiyyətdə xanımların adına ləkə yaxmaq asandı. Sabah kiminsə tərəfindən qızın haqqında bu sözü deyiblər kimi ifadələr eşitməmək üçün onlar da ehtiyat edirlər. Fəsad insanların ağzı torba deyil ki, büzəsən...



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->