Aprel ayında dünya ərzaq qiymətləri 2023-cü ilin fevralından bəri ən yüksək səviyyəyə yüksəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cümə günü məlumat yayıb. Mart ayı ilə müqayisədə qida məhsullarının ümumi qiyməti 1,6% artıb.
Mal əti beynəlxalq tələbin, xüsusilə də Çindən gələn yüksək tələbatın fonunda rekord səviyyəyə yüksəlib. Ümumilikdə ət məhsullarının qiyməti aprel ayında əvvəlki ayla müqayisədə 1,2% artıb.
Ən kəskin bahalaşma bitki yağlarında qeydə alınıb. Buna İranda müharibə və Hörmüz boğazının faktiki bağlanması səbəb olub. Bitki yağlarının qiyməti aprel ayında 5,9% artaraq 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb.
Soyu, günəbaxan, kolza və palma yağı daxil olmaqla bütün əsas yağ növləri bahalaşıb. Artımın səbəblərindən biri də enerji resurslarının qiymətinin yüksəlməsi və bunun bioyanacağa tələbi artırmasıdır.
Şəkər qiymətləri Braziliya, Çin və Taylandda yüksək təklif proqnozları səbəbindən 4,7% ucuzlaşıb.
Taxıl qiymətləri isə nisbətən sabit qalıb: martla müqayisədə 0,8%, ötən illə müqayisədə isə 0,4% artım qeydə alınıb. Buna əvvəlki mövsümlərdən qalan kifayət qədər ehtiyatlar səbəb olub.
Eyni zamanda FAO 2026-cı ildə buğda əkinlərinin azalacağını proqnozlaşdırır. Səbəb kimi gübrə və istehsal xərclərinin kəskin artması göstərilir. Fermerlərin daha az xərc tələb edən məhsullara keçməsi gözlənilir.
Aydın
Şərhlər