"Azərbaycan innovasiyaların səviyyəsinə görə 2 pillə irəliləyərək, 131 ölkə arasında 82-ci yeri tutub. Bununla MDB-də yalnız Orta Asiyanın dörd ölkəsini üstələyə bilib”.
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlanan "Qlobal İnnovasiya İndeksi-2020”-ni şərh edərkən deyib:
"Hesabat hər il Kornell Universiteti (ABŞ), INSEAD Biznes məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilir.
Hesabat bu il 131 ölkəni əhatə edib, ötən il isə 129 ölkə seçilmişdi.
2020-ci ilin nəticələrinə görə, Azərbaycan 82-ci yeri qazanıb. Əvvəlki il 84-cü yerdə idi, 2018-ci ildə isə göstərici bundan daha yaxşı olmuşdu – 82-ci yer.
Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada (25-ci), Latviyada (36-cı) Litvada (40-cı), Ukraynada (45-ci) və Rusiyada (47-ci yer) olub.
Ermənistan 61-ci, Gürcüstan 63-cü, Qazaxstan 77-ci yeri qazanıb.
Azərbaycan Qlobal İnnovasiya İndeksi-2020 indeksinə görə, postsovet məkanında yalnız Orta Asiya ölkələrini üstələyə bilib.
Türkiyə bu Reytinq Cədvəlində 51-ci yerdədir.
Qlobal İnnovasiya İndeksi-2020-nin lideri İsveçrədir, ondan sonra İsveç, ABŞ, Böyük Britaniya və Niderland gəlir. Çin 14-cü yeri qazanıb.
Qlobal İnnovasiya İndeksi innovasiya fəaliyyəti üzrə 80 indikator əsasında tərtib olunur.
Bu indikatorlar "İnnovasiya resursları” və "İnnovasiya nəticələri” subindekləri üzrə aşağıdakı qruplara bölünür:
1 – İnstitusional şərait
2 – İnsan kapitalı və elm
3 – İnfrastruktur
4 – Daxili bazarın inkişafı
5 – Biznesin inkişafı
6 – Biliklər və texnologiyaların inkişafı
7 – Yaradıcı fəaliyyətin nəticələri
Azərbaycanın ən zəif göstəriciləri "İnstitusionallıq”, "Daxili bazarın inkişafı” və "Yaradıcı fəaliyyət” sahəsində olub”.
Orxan Həsənli
Şərhlər